1Bundan sonra Əyyub ağzını açıb öz doğulduğu günə lənət etdi.
2Dilə gəlib belə dedi:
3«Kaş ki mən doğulan gün yox olaydı, “Oğlun oldu!” deyilən gecə yox olaydı.
4O gün qara gələydi, Allah göydən o günün qayğısına qalmayaydı, O gün üçün sabah açılmayaydı.
5O günü zülmət, qatı qaranlıq bürüyəydi, Üzünü bulud tutaydı, Nurunu qaranlıq batıraydı.
6O gecəni zil qaranlıq udub yeyəydi, İlin günləri arasında fərəh tapmayaydı, Ayın günləri sırasına girməyəydi.
7Kaş o gecə qısır olaydı, Sevincsiz, səssiz qalaydı!
8Günlərə lənət oxuyanlar, Livyatanı oyatmağa mahir olanlar Qoy o günə lənət yağdırsın.
9Dan ulduzları sönəydi, İşığa olan ümidləri boşa çıxaydı, Sübhün nuru görünməyəydi.
10Əfsus ki O, anamın bətninin qapılarını bağlamadı, Gözlərimi əzabsız saxlamadı.
11Niyə doğulanda mən ölmədim, Bətndən çıxarkən nəfəsim kəsilmədi?
12Niyə məni dizlərin arasından aldılar, Əmizdirmək üçün ağzıma döş saldılar?
13Belə olmasaydı, indi rahat uzanardım, Yatıb dincələrdim
14Özləri üçün viranə şəhərləri tikən Dünya padşahları və müşavirlərlə,
15Evlərini gümüşə qərq edən Qızıl xəzinəsi olan rəhbərlərlə.
16Niyə bətndən yarımçıq uşaq tək düşmədim? Niyə işıq üzü görməyən körpə kimi basdırılmadım?
17Orada pis adamlar belə, kini atır, Yorğunlar rahatlıq tapır,
18Məhbuslar dinc yaşayır, Nəzarətçinin səsi çıxmır.
19Orada kiçik də, böyük də vardır, Qul ağasından da azaddır.
20Niyə əzab çəkənlər işıq üzü görür, Əziyyət içində olanlar həyata gəlir?
21Ölüm arzulayırlar amma tapmırlar, Dəfinə axtarmaqdan da çox onu axtarırlar,
22Onlar məzar tapanda fərəhlənər, Şadlanaraq sevinər.
23Hara getdiyi bilinməyən insana, Ətrafına Allah sədd çəkdiyi adama niyə ömür verilir?
24Çörəkdən əvvəl ah-zar gəlir, Nalələrim sular kimi tökülür.
25Çəkindiyim şeylər üzərimə tökülür, Qorxduğum şeylər başıma gəlir.
26Rahatlığım, sakitliyim, dincliyim yoxdur, Ancaq sıxıntım vardır».