1Rəbb Əyyuba belə dedi:
2«Kim ki tənbehə layiq görülür, O, Külli-İxtiyarla mübahisə edə bilərmi? Qoy buna Allahı ittiham edən cavab versin».
3Onda Əyyub Rəbbə belə cavab verdi:
4«Mənim gərəksizliyimə bax, Sənə necə cavab verim, Ağzımı əlimlə tutmuşam.
5Bir dəfə danışdım, daha cavabım yoxdur, Artıq ikinci dəfə nə danışım».
6Rəbb qasırğanın içindən Əyyuba cavab verdi:
7«İndi kişi kimi belinə qurşaq bağla, Sual verəcəyəm, Mənə cavab ver.
8Sənmi ədalətimi boşa çıxaracaqsan? Özünə haqq qazandırmaq üçün sənmi Məni günahlandıracaqsan?
9Allahın qolu kimi qolun varmı? Səsin Onunku kimi gurlayarmı?
10Əgər belədirsə, şərəfə, şana bürün, Ehtişamı, əzəməti geyin.
11Qoy qəzəbinin alovu saçsın, Hər qürurluya baxıb onları alçalt.
12Qürurluların hamısına baxıb aşağı endir, Pisləri yerindəcə təpiyinin altına sal.
13Hamısını birlikdə torpaq altında basdır, Məzarda üzləri kəfənə bürünsün.
14O zaman Mən də bunu qəbul edərəm, Belə ki sağ qolun səni qurtarır.
15Behemota bax, öküz kimi ot yeyir, Səni yaratdığım kimi onu da Mən yaratmışam,
16Gör belində nə qədər güc var, Qarın əzələləri necə möhkəmdir.
17Sallanan quyruğu sidr ağacına bənzəyir, Budlarındakı vətərlər bir-birinə hörülüb.
18Sümükləri sanki tunc borudur, Qabırğaları elə bil dəmir çubuqdur.
19Allahın işləri arasında şah əsərdir, Yalnız Yaradan ona qılıncla yaxınlaşa bilir.
20Təpələr məhsullarını ona verir, Bütün çöl heyvanları yanında oynaşır.
21Nilufərlərin altında, Qamışla örtülü bataqlıqlarda yatır.
22Nilufərlər üstünə kölgə salır, Dərənin söyüdləri onu əhatəyə alır.
23Coşğun çaylardan qorxmur, Sellər boğazına çatsa da, arxayındır.
24Gözləri açıq ikən kim onu tuta bilər? Kim qıra ilə onun burnunu deşər?