Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 5

Help us?
Click on verse(s) to share them!
1Çağır görək sənə cavab verən varmı? Müqəddəslərin hansı birinə üz tutacaqsan?
2Səfehi qəzəb öldürər, Nadanı həsəd məhv edər.
3Səfehin kök saldığını görərkən Dərhal yurduna lənət etmişəm.
4Övladları əmin-amanlıqdan uzaqdır, Məhkəmə qapılarında tapdalanır, Onlara havadar yoxdur.
5Məhsullarını aclar yeyir, Tikanlar arasında olanlarını belə, yığırlar, Susayanlar sərvətini udmaq istəyir.
6Axı torpaqdan bəla gəlməz, Əzab yerdən bitməz.
7Sanki havaya atılan qığılcımdır, İnsan əzab çəkmək üçün doğulur.
8Mən olsaydım, Allaha üz tutardım, Müşkül işlərimi Ona tapşırardım.
9Çünki O, dərk etmədiyimiz böyük işləri görür, Saysız xariqələr göstərir.
10Yer üzərinə yağış yağdırır, Çöllərə sular axıdır.
11Alçaldılanları ucaldır, Yaslıları əmin-amanlığa çıxarır.
12Əlləri qurğu qurmağı öyrənməsin deyə Hiyləgərlərin fəndini pozur.
13Müdrikləri hiylə qurarkən yaxalayır, Fəndgirlərin oyununa son qoyur.
14Gündüzləri qaranlığa dönür, Günorta onlara gecə kimi görünür, Onlar kor kimi əl sürtə-sürtə gəzir.
15Yoxsulları isə onların ağızlarındakı qılıncdan qurtarır, Zorakının əlindən alır.
16Kasıblar ümid tapır, Haqsızlıq ağzını yumur.
17Allahın tərbiyə etdiyi insan nə bəxtiyardır! Sən Külli-İxtiyarın tərbiyəsinə xor baxma.
18Çünki O yaralayar, sonra isə sarıyar, Ağrı verər, əlləri ilə sağaldar.

19O, altı dəfə dara düşsən belə, qurtarar, Yeddinci dəfə sənə ziyan dəyməz.
20O səni aclıqda məhv olmaqdan, Döyüşdəki qılıncdan qurtarar.
21Kəskin dillərdən uzaq olarsan, Qırğın gələrkən qorxmazsan.
22Qırğına, aclığa gülərsən, Vəhşi heyvanlardan qorxmazsan.
23Çünki çöldəki daşlarla belə, əhd kəsərsən, Vəhşi heyvanlarla belə, barışarsan.
24Çadırının salamat qalacağını bilərsən, Mülkünə baxanda heç bir əskiklik tapmazsan.
25Övladlarının necə artdığını görərsən, Nəslin ot kimi bitib qalxar.
26Vaxtında yığılan taxıl dərzləri kimi Kama çatıb məzarına gedərsən.
27Bax bunu araşdırmışıq, bu həqiqətdir, Onun üçün bunu dinlə və anla».