1Temanlı Elifaz belə cavab verdi:
2«İnsan Allaha fayda verə bilərmi? Müdrik adam Ona fayda verərmi?
3Sənin salehliyindən Külli-İxtiyar nə ləzzət alır? Sənin düz həyat tərzinin Ona nə faydası var?
4Səni tənbeh etməsi, mübarizə aparması Ondan qorxduğun üçündürmü?
5Pisliyin böyük deyilmi, Təqsirin hədsiz deyilmi?
6Çünki qardaşlarından səbəbsiz girov aldın, Onları lüt qoydun.
7Yorğuna bir içim su vermədin, Ac olandan çörəyini əsirgədin.
8Qol gücünlə ölkəyə sahib oldun, Hörmətli insan kimi orada yaşadın.
9Dul qadınları əliboş qaytardın, Yetimlərin qol-qanadını qırdın.
10Ona görə hər yanını tələlər bürüyüb, Qəfil qorxu səni dəhşətləndirib.
11Hər şeyə qara vurub görmürsən, Sellərdə boğulursan.
12Allah göylərdə – ucalarda deyilmi? Ən uzaq ulduzlara bir nəzər sal, Gör nə qədər ucalarda yerləşib!
13Amma deyirsən “Allah nə bilir? Qatı qaranlıq içindən hökm verə bilərmi?
14Görə bilmir, qara buludlar Ona mane olur, Göy qübbəsinin üzərində dolaşır”.
15Pis adamların gəzdiyi Köhnə yolumu tutacaqsan?
16Onlar vaxtı çatmamış çəkilib getdilər, Təməllərini sellər basdı.
17Allaha dedilər: “Bizdən uzaq ol! Bizə Külli-İxtiyar nə edə bilər?”
18Amma evlərini bərəkətlə dolduran Allah idi, Ona görə pislərin nəsihəti qoy məndən uzaq olsun.
19Salehlər pislərin həlak olduğunu görüb sevinir, Günahsızlar onlara belə istehza edir:
20“Düşmənlərimiz yox oldu, Onlardan nə qaldısa, yanıb kül oldu”.
21Allahla barışıb dost olsan, Xeyir taparsan.
22Onun ağzından çıxan təlimi qəbul et, Onun sözlərini qəlbində saxla.
23Külli-İxtiyara tərəf dönsən, Əvvəlki halına düşərsən. Çadırın şərdən uzaq olsa,
24Qızılını torpağa, Ofir qızılını dərədəki çınqıllığa atsan,
25Külli-İxtiyar sənin qızılın olar, Qiymətli gümüşün olar.
26Onda Külli-İxtiyardan zövq alarsan, Allaha üz tutarsan.
27Ona yalvarsan, səni eşidər, Etdiyin nəzirləri yerinə yetirərsən.
28O da dediyin sözü yerinə yetirər, Yollarına nur səpilər.
29İnsanlar səni alçaldanda “Baş ucalığına görədir” deyərsən, Çünki Allah itaətkarları xilas edər.
30O, günahsız olmayanı belə qurtarar, Sənin əllərinin təmizliyinə görə günahkar xilas olar».