Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 33

Help us?
Click on verse(s) to share them!
1Əyyub, indisə mənim sözümü dinlə, Hər kəlməmə qulaq as.
2Bax ağzımı açıram, Dilim bu sözləri deyir.
3Sözlərim səmimi ürəkdən gəlir, Dodaqlarım biliyi doğru söyləyir.
4Məni Allahın Ruhu yaratdı, Külli-İxtiyarın nəfəsi mənə həyat verdi.
5Əgər əlindən gəlirsə, mənə cavab ver, Sıraya düz sözlərini, qarşımda dayan.
6Mən də Allahın nəzərində sənin kimiyəm, Mən də palçıqdan düzəldilmişəm.
7Dəhşətimdən vahiməyə düşmə, Bu hücumum sənə ağır gəlməsin.
8Həqiqətən, səsin hələ qulaqlarımdadır, Belə demişdin:
9“Pakam, günahsızam, Təmizəm, təqsirsizəm.
10Yenə də Allah mənə qarşı bəhanə axtarır, Məni Özünə düşmən sayır.
11Ayaqlarımı buxovlayır, Bütün yollarıma göz qoyur”.
12Amma qoy bunu sənə söyləyim ki, Sən bu barədə haqsızsan, Çünki Allah insandan böyükdür.
13İnsanın heç bir sözünə cavab vermir deyə Niyə Onunla çəkişirsən?
14Çünki insan anlamasa da, Allah bu və ya digər yolla danışır.
15Yuxuda, gecə röyalarında, İnsanlar dərin yuxuya qərq olanda, Yataqda yatanda
16İnsanın qulağını açır, Xəbərdarlıq edərək onu qorxudur ki,
17İnsan şər iş görməkdən dönsün, Təkəbbürdən uzaq olsun.
18İnsanın canını quyudan, Həyatını qılıncla həlak olmaqdan qurtarır,

19İnsanı yatağında ağrılarla, Sümüklərini kəsilməyən sızıltılarla yola gətirir.
20Belə ki könlündən yemək keçmir, Ən ləziz yeməkdən iyrənir.
21Əti tökülür, görünməz hala düşür. Görünməyən sümükləri üzə çıxır.
22Canı quyuya, Həyatı ölüm mələklərinə yaxınlaşır.
23İnsana əməlisalehliyini bəyan etmək üçün Min mələyin içindən bir mələk, bir vasitəçi olsa,
24O zaman Allah ona rəhm edib deyər: “Onu quyuya düşməkdən qurtar, Onun üçün kəffarə tapmışam”.
25Onda bədəni uşaq bədəni kimi təzə olar, Yeniyetməlik dövrünə qayıdar.
26Dua edəndə Allah ondan razı qalar, Sevinərək Allahın üzünü görər, Allah onun vəziyyətini düzəldər.
27Sonra insanların önündə nəğmə söyləyər: “Günah işlədib doğru yoldan azmışdım, Allah mənə layiq olduğum cəzanı vermədi.
28Canımı quyuya düşməkdən qurtardı, Həyatım nur görəcək”.
29Bax Allah bütün bunları insanlara Ya iki dəfə ya da üç dəfə edər ki,
30Onların canını quyudan xilas etsin, Onlar həyatın nurunu görsün.
31Yaxşı dinlə, Əyyub, bir qulaq as, Sakit ol, qoy danışım.
32Əgər deməyə sözün varsa, mənə cavab ver, Danış, çünki səni haqlı çıxarmaq istəyirəm.
33Sözün yoxsa, mənə qulaq as, Sakit ol, qoy sənə hikmət öyrədim».