1Əyyub belə cavab verdi:
2«Yəqin ki siz özünüzü xalq içində müdrik sanırsınız, Siz öləndə hikmət də öləcək.
3Sizin qədər mənim də ağlım var, Sizdən geri qalmıram. Bu cür şeyləri kim bilmir?
4Mən dostlarımın gülüş hədəfi olmuşam, Vaxtı ilə Allaha yalvaranda mən də cavab almışam, Amma indi bir saleh, bir kamil insan gülünc olub.
5Dərdsizlər bəlanı boş bir şey sanır, Büdrəyənlər üçün bəla hazır dayanır.
6Soyğunçuların çadırlarında rahatlıq var, Allahı qəzəbləndirənlər əmin-amanlıqdadır, Axı onlar Allaha yox, öz qollarına arxalanır.
7Gəl heyvanlardan soruş, qoy sənə bildirsin, Qoy göydəki quşlar sənə desin,
8Torpağa de, qoy o sənə bildirsin, Dənizdəki balıqlardan soruş, sənə məlumat versin.
9Bunlardan hansı biri bilmir ki, Bunu Rəbbin əli edib?
10Hər yaratdığının canı Onun əlindədir, Bütün insanların nəfəsi Onun əlindədir.
11Yeməyin dadını damaq hiss etdiyi kimi Qulaq da sözləri sınaqdan keçirməzmi?
12Ağsaqqalların hikməti var, Uzunömürlülər dünyagörmüş olar.
13Hikmət və qüdrət Allahdandır, O, nəsihət və dərrakə verir.
14Onun yıxdığı bərpa olunmaz, Onun həbs etdiyi insan azad olmaz.
15Suları kəsərsə, quraqlıq olar, Suları buraxsa, dünyanı sel aparar.
16Qüdrət və hikmət Onundur, Aldadan da, aldanan da Onundur
17Məsləhətçiləri talana məruz qoyar, Hakimləri axmaqlaşdırar.
18Padşahların bağladığı bağı açar, Bellərinə qurşaq salar.
19Kahinləri talana məruz qoyar, Mətinləri də devirər.
20Etibarlı məsləhətçiləri susdurar, Ağsaqqalların ağlını alar.
21Əsilzadələrin üstünə rüsvayçılıq yağdırar, Güclülərin qurşaqlarını çıxarar.
22Qaranlığın dərin sirlərini açar, Ölüm kölgəsini aydınlığa çıxarar.
23Millətləri çoxaldar, millətləri yox edər, Millətləri artırar, millətləri sürgün edər.
24Dünyanın başçılarının ağlını başından alar, Yolu-izi məlum olmayan çöllərdə dolandırar.
25Qaranlıqda əl sürtə-sürtə yeriyərlər, Onları sərxoş kimi aşa-aşa gəzdirər.