Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 20

Help us?
Click on verse(s) to share them!
1Naamatlı Sofar belə cavab verdi:
2«Düşüncələrimə görə cavab verməyə məcburam, Çünki daxilən narahatam.
3Məni utandıran bir giley eşidirəm, Ruhum dərrakəsi ilə məni cavab verməyə sövq edir.
4Bilirsən ki, əzəldən bəri, İnsanın dünyaya gəlişindən bəri
5Pislərin qələbə çalması qısa çəkər, Allahsızın sevinci bir an sürər.
6Boyu göylərə çatsa da, Başı buludlara dəysə də,
7Öz nəcisi kimi əbədilik yox ediləcək, Onu görənlər “O haradadır?” deyəcək.
8Yuxu kimi uçacaq, bir daha tapılmayacaq, Bəli, gecə röyası kimi yox olacaq.
9Onu görən gözlər bir daha görməyəcək, Yaşadığı yerdə görünməyəcək.
10Övladları fəqirlərdən mərhəmət diləyəcək, Sərvətləri əllərindən gedəcək.
11İnsanın sümükləri gənclik alovu ilə dolar, Amma insanla birlikdə torpaq altında yatacaq.
12Pislik ağzına şirin gəlsə də, Dilinin altında gizlənsə də,
13İnsan pisliyi tutub buraxmasa da, Damağının altında saxlasa da,
14Yediyi yemək mədəsində qıcqıracaq, Daxilində ilan zəhərinə dönəcək.
15Yediyi sərvətləri qusacaq, Qarnındakıları Allah bayıra çıxaracaq.
16Başqa yerdə əfi ilan zəhərini əməcək, Gürzənin dişindən öləcək.
17Axar suların, bal və qaymaq axan dərələrin Səfasını görməyəcək.
18Zəhmətlə qazandığını yeməyib geri qaytaracaq, Ticarətdən qazandığı sərvətdən ləzzət almayacaq.

19Çünki fəqirləri əzib üzüqoylu qoymuşdu, Özü tikmədiyi evi zorla almışdı.
20Könlü rahatlıq nədir bilməz, Zövq aldığı şeylər onu xilas etməz.
21Yeməyindən artıq qalmayacaq, Ona görə firavanlığı uzun sürməyəcək.
22Bolluq içində əzaba düşəcək, Fəlakət ona qarşı əl qaldıracaq.
23Qarnını dolduranda Allah şiddətli qəzəbini onun üzərinə göndərəcək, Onun üstünə tökəcək.
24Dəmir silahdan qaça bilsə də, Tunc ox onu dəlib-deşəcək,
25Ox onu dəlib-keçəcək, Onun kürəyindən çıxacaq, Parlaq ucu ödünü dağıdıb tökəcək. Üstünə dəhşət gələcək.
26Xəzinələrinin aqibəti qaranlıq olacaq, Üfürülməmiş od onu yeyib-qurtaracaq, Çadırında qalanları da yandırıb-yaxacaq.
27Göylər şər işlərinin üstünü açacaq, Dünya onun əleyhinə qalxacaq.
28Allahın qəzəb günündə Azğın sellər sərvətini aparacaq.
29Pis insan Allahdan belə pay alacaq, Allahın ona verdiyi irs budur».