1Əyyub misal çəkərək dedi:
2«Haqqımı əlimdən alan var olan Allaha and olsun, Canımı dərdə salan Külli-İxtiyara and olsun,
3Nə qədər canımda can, Burnumda Allahın nəfəsi varsa,
4Ağzımdan pis söz çıxmayacaq, Dilim yalan danışmayacaq!
5Sizin sözlərinizi əsla təsdiq etməyəcəyəm, Son nəfəsimə qədər kamilliyimdən əl çəkməyəcəyəm.
6Salehliyimdən bərk yapışmışam, Onu buraxmaram, Elə gün keçirməmişəm ki, ürəyim tərəfindən ittiham olunum.
7Qoy düşmən pis adamların gününə düşsün, Haqsız adamlara nə edilirsə, əleyhdarlarıma da elə edilsin.
8Allahsız insanı Allah kəsib atanda, Canını alanda ümidi olarmı?
9Dara düşəndə fəryadını Allah eşidəcəkmi?
10O, Külli-İxtiyardan zövq alırmı? O hər zaman Allaha yalvarırmı?
11Allahın qolu haqqında sizə bilik verəcəyəm, Külli-İxtiyarın niyyətini sizdən gizlətməyəcəyəm.
12Əslində hamınız bunu görmüsünüz, Bəs niyə boş sözlər söyləyirsiniz?
13Pis adam Allahdan belə pay alar, Külli-İxtiyardan zorakı adamlara bu nəsib olar:
14Nə olsun, övladları çoxalır, Hamısı qılıncdan keçiriləcək, Nəslində doyunca çörək tapan olmayacaq.
15Nəslindən sağ qalanlar xəstəlikdən ölərək dəfn ediləcək, Dul arvadları ağlaya bilməyəcək.
16Pis insan qum qədər gümüş yığsa da, Torpaq zərrələri qədər paltar yığsa da,
17Onun yığdığını saleh geyəcək, Gümüşünü günahsızlar böləcək.
18Güvə çanağı kimi, Qarovulçu çardağı kimi ev tikir,
19Varlı olaraq yatır, amma sona qədər belə qalmaz, Gözlərini açanda hamısı yox olub gedəcək.
20Dəhşət onu sel tək basacaq, Tufan gecə onu qapıb aparacaq.
21Şərq küləyi onu qaldırıb sovuracaq, Onu öz yerindən süpürüb aparacaq.
22Ona qarşı amansız küləklər əsəcək, O isə yelin əlindən qaçmağa cəhd edəcək.
23Külək onu ələ salaraq əl çalacaq, Öz yerindən onun üçün vıyıldayacaq.