Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 6

Help us?
Click on verse(s) to share them!
1Əyyub belə cavab verdi:
2«Kaş bu dərdim çəkiləydi, Bütün ağrılarım tərəziyə qoyulaydı.
3Onda dənizlərin qumundan ağır gələrdi, Ona görə tez bu sözləri dedim.
4Həqiqətən, Külli-İxtiyarın oxları köksümdədir, Ruhum onların zəhərlərini içir. Allahın dəhşətləri mənə hücum çəkir.
5Ot olanda vəhşi eşşək anqırarmı? Yem tapanda öküz heç böyürərmi?
6Duzsuz, şit yeməyi yemək olarmı? Yumurta ağının dadı varmı?
7Belə yeməklərə əl vurmaq istəmirəm, Onlardan iyrənirəm.
8Kaş arzuma çataydım, Allah mənə həsrətində olduğumu verəydi,
9Lütf edib məni əzsə belə, Əldən cəld olub həyatımın bağını kəssə belə,
10Mən yenə ovunardım, Bu amansız dərdimə baxmayaraq Müqəddəs Olanın sözlərini inkar etmədiyimə görə sevinərdim.
11Nə gücüm var ki, gözləyim? Sonum nə qədərdir ki, səbir edim?
12Daş qədər güclüyəmmi? Ətim tuncdandırmı?
13Əlacsız qalanda Özümə kömək etməyə gücüm çatarmı?
14İnsan Külli-İxtiyarın qorxusundan vaz keçsə belə, Çarəsiz qalanda ona dostun sədaqəti gərəkdir.
15Qardaşlarım mənə bir vadi kimi xəyanət etdi, Çaylar kimi axıb getdi.
16Bu vadilər buzlar əriyəndə daşar, Qar suları ilə dolar.
17Bu vadilər quraq vaxtı quruyar, İstidə yataqlarından yox olar.
18Bu vadilərə görə karvanlar yolunu azar, Səhraya çıxanda həlak olar.

19Temanın karvanları su axtarar, Səbadan gələn səyyahlar ora ümid bağlar.
20Amma ora çatanda ümid bağladıqlarına peşman olar, Mat-məəttəl qalar.
21İndi siz də mənim üçün bir heç olmusunuz, Bu dəhşətə baxıb qorxursunuz.
22Mən demişəmmi “Mənə nəyisə verin, Var-dövlətinizdən mənə rüşvət göndərin?
23Yaxud da məni düşmən əlindən qurtarın, Zalımların əlindən azad edin?”
24Mən susum, siz mənə öyrədin, Nə səhv etmişəmsə, mənə göstərin.
25Doğru söz kəsərli olar, Sizin bu iradınız bəs nəyi sübut edir?
26Niyə sözlərimi qınamaq istəyirsiniz? Niyə mən biçarənin dediyini boşboğazlıq sanırsınız?
27Yetim üçün belə, püşk atırsınız, Dostunuzu satırsınız.
28İndi lütf edib mənə baxın, Bax mən üzünüzə ağ yalan demərəm.
29Atın haqsızlığı, haqsızlıq etməyin, Düşünün ki, bu davada mən haqlıyam.
30Dilimdən haqsız söz çıxırmı? Pis şeyləri ağzıma alırammı?