Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 23

Help us?
Click on verse(s) to share them!
1Əyyub belə cavab verdi:
2«Bu gün də acı-acı şikayət edəcəyəm, Naləmə baxmayaraq üstümdə Allahın əli ağırdır.
3Kaş biləydim Onu harada tapmaq olar, Məskəninə çatmaq olar.
4O zaman davamı Onun hüzurunda dilə gətirərdim, Dəlillərimi dalbadal düzərdim.
5Mənə verəcəyi cavabı öyrənərdim, Dediyini dərk edərdim.
6Əzəməti, qüdrəti ilə əleyhimə çıxardımı? Xeyr, yəqin sözümə qulaq asardı.
7Hüzurunda bir haqlı insan mübahisə etsəydi, Mən hakimimin yanında haqq qazanardım.
8Şərqə getsəm, Allah orada deyil, Qərbə getsəm, Onu tapa bilmirəm.
9O, şimalda işləsə, gözüm seçməz, Cənuba dönsə, Onu görə bilmərəm.
10Amma tutduğum yolu O tanıyır, Məni sınayan zaman qızıl kimi çıxaram.
11Hər addımını yaxından izlədim, Azmadan yoluna bağlı qaldım.
12Ağzından çıxan əmrlərdən ayrılmadım, Gündəlik çörəkdən çox ağzından çıxan sözləri qiymətləndirdim.
13O təkbaşına dayanıb, kim Onu döndərə bilər? Könlü nə istəsə, onu edər.
14Mənimlə bağlı qərarını yerinə yetirəcək, Belə fikirləri çoxdur.
15Ona görə hüzurunda dəhşətə gəlirəm, Bunları düşünəndə Ondan vahimələnirəm.
16Allah qəlbimin cəsarətini qırdı, Külli-İxtiyar məni qorxuya saldı.
17Sifətimi qatı qaranlıq bürüsə belə, Məni zülmət susdura bilməz.