Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 41

Help us?
Click on verse(s) to share them!
1Məgər sən Livyatanı qarmaqla çəkə bilərsənmi? Dilinə qaytan vura bilərsənmi?
2Burnuna ip taxa bilərsənmi? Qıra ilə çənəsini deşə bilərsənmi?
3Sənə yalvarıb-yaxararmı, Səninlə şirin-şirin danışarmı?
4Əbədi qulun olmaq üçün Səninlə əhd kəsərmi?
5Quşla oynadığın kimi onunla oynaya bilərsənmi? Boynuna ip bağlayıb onu qızların üçün apara bilərsənmi?
6Məgər tacirlər onu alıb-satarlarmı? Aralarında bölə bilərlərmi?
7Yabalarla dərisini, Balıqçı neştərləri ilə başını doldura bilərsənmi?
8Əlini onun üstünə qoy, nə cəncələ düşəcəyini təsəvvür et, Onda bu işi bir daha görməzsən.
9Onu tutmaq ümidin boş istəkdir. Onun görkəmi adamı yıxmırmı?
10Onu oyatmaq üçün heç kimdə cəsarət yoxdur. Bəs Mənim qarşımda kim dayana bilər?
11Kim Mənə bir şey verib ki, ona geri qaytarım? Bax göylər altında hər şey Mənimdir.
12Sözümü kəsməyib onun əzalarından, Möhkəm gücündən və gözəl görünüşündən deyəcəyəm.
13Üstündəki paltarı kim çıxara bilər? Qoşa cilovla kim ona yaxınlaşa bilər?
14Ağzının qapılarını kim aça bilər? Çünki damağındakı dişlər dəhşətlidir.
15Kürəyi nizamla düzülmüş qalxanlara oxşayır, Onlar bir-birinə möhkəm bağlanıb,
16Bir-birlərinə elə bağlanıb ki, Arasından hava keçməz.
17Bir-birlərinə elə yapışıb ki, Birdir, ayrılmaz.
18Asqıranda od sıçrayır, Gözləri səhər işığı tək par-par yanır.

19Ağzından alovlu məşəllər çıxır, Qığılcımlar saçılır.
20Burnunun deşiklərindən tüstü çıxır, Elə bil qazan qaynayır, qamış yanır.
21Nəfəsindən kömürlər közərir, Ağzından alov çıxır.
22Boynunda qüvvət yaşayır, Qabağında dəhşət oynayır.
23Ətinin qatları bir-birinə bitişib, Oradan tərpənə bilməz, üstünə bərk yapışıb.
24Ürəyi daş kimi möhkəmdir, Dəyirmanın alt daşı kimi bərkdir.
25Qalxanda güclülər lərzəyə gəlir, Qorxub ürəkləri gedir.
26Üstünə qılınc çəkməyin faydasızdır, Nizə, tir, mizraqdan kar aşmır.
27Dəmiri saman çöpü, Tuncu çürük odun sayır.
28O, oxlardan qaçmır, Sapanddan daş atsan, elə bilər ki, çöpdür.
29Dəyənəkləri küləş qırıntısı sanır, Mizraqın vıyıltısına gülür.
30Qarnının altı sərt saxsıya oxşayır, Palçıq üstə vəl kimi iz qoyur.
31Dərin suları bir qazan kimi qaynadır, Dənizi ətir küpünə döndərir,
32Arxasınca parlaq bir iz buraxır, İnsan bu dərinliyi ağaran saça oxşadır.
33Yer üzündə misli-bərabəri yoxdur, Qorxu bilməyən məxluqdur.
34Hər lovğalanana xor baxır, Bütün məğrur heyvanların hakimidir».