Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 10

Help us?
Click on verse(s) to share them!
1Canım həyatımdan bezib. Şikayətimə məhdudiyyət qoymayacağam, Acı həyatımdan danışacağam.
2Qoy Allaha deyim: “Məni günahlandırma, Bir mənə söylə, niyə mənimlə çəkişirsən?
3Məni incitmək, Əllərinin işini xor görmək, Pislərin niyyətlərinə işıq vermək Sənə xoşdurmu?
4Səndə insan gözümü var? İnsan necə görürsə, Sən də elə görürsənmi?
5Günlərin insan ömrü kimidirmi? İllərin insanın yaşadığı illər kimidirmi?
6Çünki məndə təqsir axtarırsan, Günahlarımı araşdırırsan.
7Özün də bilirsən mən şər adam deyiləm, Məni Sənin əlindən qurtaran yoxdur.
8Əllərin mənə quruluş verdi, məni yaratdı. İndi dönüb məni yox edəcəksənmi?
9Məni palçıqdan düzəltdin, bunu xatırla. Yenidən məni torpağa çevirəcəksənmi?
10Məni süd kimi tökmədinmi, Pendir kimi bərkitmədinmi?
11Ət və dərini əynimə geyindirdin, Məni sümük və vətərlərlə hördün,
12Mənə həyat verdin, sevgi göstərdin, Qayğıma qalmağınla ruhumu hifz etdin.
13Amma bunları qəlbində gizlətdin. Mən isə bilirəm, fikrində bu şeylər var:
14Günah işlətsəydim, mənə nəzarət edərdin, Təqsirlərimi cəzasız qoymazdın.
15Əgər günahkar olsaydım, vay halıma! Günahsız olsam belə, yenə başımı qaldıra bilmərəm, Çünki xəcalət içindəyəm, necə də biçarəyəm.
16Əgər başımı qaldırsam, məni aslan kimi ovlarsan, Yenə heyrətamiz qüvvəni mənə göstərərsən.
17Əleyhimə yeni şahidlər çıxararsan, Mənə qarşı qəzəbini artırarsan, Orduların üstümə dayanmadan hücum çəkər.
18Niyə məni doğulmağa qoydun? Kimsənin gözü məni görmədən kaş öləydim.

19Kaş ki heç yaranmayaydım, Bətndən məzara düşəydim.
20Məgər ömrümə bir neçə gün qalmayıbmı? Mənə bir qədər sərbəstlik ver ki, bir az ürəyim açılsın
21Gedər-gəlməz yerə, Zülmət və ölüm kölgəsi diyarına,
22Qatı qaranlıq diyarına, Ölüm kölgəsi, qarışıqlıq diyarına, İşığı qaranlıq olan diyara getməzdən əvvəl”».