Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 18

Help us?
Click on verse(s) to share them!
1Şuahlı Bildad belə cavab verdi:
2«Bu sözlər nə vaxt qurtaracaq? Əgər dərrakəli olsanız, danışarıq.
3Niyə heyvana bənzəyək? Gözlərinizə axmaq kimi görünək?
4Özünü hirsindən didib-dağıdırsan. Sənə görə bu aləmdən vaz keçəkmi? Yoxsa sal qayalar yerindən çıxsın?
5Bəli, şər insanın işığı sönəcək, Odu-alovu parlamayacaq.
6Çadırında nur qaranlığa dönəcək, Yanındakı çıraq sönəcək.
7Addımları gücdən düşəcək, Öz işlətdiyi fənddən yıxılacaq.
8Ayaqları onu tələyə aparacaq, Öz ayağı ilə tora düşəcək.
9Kəmənd topuğundan tutacaq, Tələ açılıb onu qapacaq.
10Torpaq üstə onun üçün gizli kəmənd səriləcək, Yolu üstə onu tələ gözləyəcək.
11Dəhşət onu hər tərəfdən bürüyəcək, Hər addımda onu təqib edəcək.
12Aclıq taqətini yeyib-qurtaracaq, Yanında fəlakət hazır dayanacaq.
13Dərisini azar yeyəcək, Ölümün ilk övladı əzalarını yeyib işini bitirəcək.
14Əmin-amanlıq çadırından atılacaq, Dəhşətlər padşahının yanına aparılacaq.
15Çadırında ona aid heç nə olmayacaq, Yurduna kükürd yağacaq.
16Aşağıda rişələri quruyacaq, Yuxarıda budaqları solacaq.
17Onun adı yer üzündə unudulacaq, Məhəllə-küçələrdə adı yaddan çıxacaq.
18İşıqdan zülmətə aparılacaq, Dünyadan qovulacaq.

19Nə övladı, nə nəvəsi xalqı arasında olmayacaq, Məskənində bir kimsəsi qalmayacaq.
20Qərbdəkilər halına heyrətlənəcək, Şərqdəkilər onu görüb dəhşətə gələcək.
21Bəli, pislərin həyatının aqibəti budur, Allahı tanımayanların məskəni budur».