1Əyyub belə cavab verdi:
2«Sözlərimi diqqətlə dinləyin, Siz bununla mənə təsəlli verin.
3Qoyun mən də bir şey deyim, Mən danışandan sonra lağ edin.
4Şikayətim insana qarşıdırmı? Mən necə səbir edim?
5Mənə baxıb mat qalın, Əlinizi ağzınızın üstünə qoyun.
6Bunu düşünəndə köksümü dəhşət bürüyür, Bədənimə titrətmə düşür.
7Pislər nə üçün yaşayır? Yaşlandıqca niyə gücləri artır?
8Övladları ətrafında, Nəsilləri gözlərinin qarşısında sapsağlamdır.
9Evlərində əmin-amanlıqdır, qorxudan uzaqdır, Allahın dəyənəyi onlara dəymir.
10Öküzləri cütləşir, qarınları boş qalmır, Doğar inəkləri var, bala salmaz.
11Övladlarını sürü tək yola salır, Uşaqları oynaşır.
12Dəf və lira çalaraq nəğmə deyirlər, Tütək səsi ilə şənlənirlər.
13Ömürlərini firavan keçirirlər, Ölülər diyarına rahat gedirlər.
14Allaha belə deyirlər: “Bizdən uzaq ol, Yolunu tanımaq istəmirik.
15Kimdir Külli-İxtiyar, biz Ona qulluq edək? Əgər Ona dua etsək, bizə nə fayda verər?”
16Görürsən ki, xoşbəxtlikləri öz əllərində deyil, Pislərin nəsihəti qoy məndən uzaq olsun!
17Neçə dəfə pislərin çırağı söndü, Başlarına bəla gəldi. Allah qəzəblənəndə onlara kədəri pay verdimi?
18Neçə dəfə yel sovuran saman kimi, Tufanın uçurduğu saman çöpü kimi oldular?
19Deyirsiniz ki, Allah Atanın cəzasını övladına çəkdirir. Bunun nə olduğunu bilsin deyə özünə çəkdirsin.
20Qoy öz həlakını gözləri görsün, Külli-İxtiyarın qəzəbini su kimi içsin.
21Çünki ili, ayı qurtaranda, Arxada qalan külfətindən nə zövq ala bilər?
22Yüksək mənsəb sahiblərinə hökm edən Allaha Kim bilik verə bilər?
23Biri tamam güclü, Tamam rahat və qayğısız,
24Bədəni ətli-canlı, Sümükləri ilikli ölür.
25O biri isə dərd içində, Həyatdan kam almamış ölür.
26İkisi də torpaqda yatır, İkisinin də bədənini qurd basır.
27Bilirəm nə fikirdəsiniz, Qəsdiniz mənə qarşı olmaqdır.
28Deyirsiniz: “Əsilzadələrin evi haradadır? Pislərin yaşadığı çadır haradadır?”
29Yoldan keçənlərdən soruşmadınızmı? Söhbətlərinə qulaq asmadınızmı?
30Pis insan fəlakət günündə sağ qalır, Qəzəb günü yol göstərilərək qurtulur.
31Kim davranışını onun üzünə vurur? Kim etdiklərinə görə onu cəzalandırır?
32Qəbiristana aparılarkən Məzarı üstə qarovul çəkilir.
33Vadinin torpağı ona şirin gəlir, Hamı onun ardınca düşür. Qarşısında gedənlərsə saysızdır.
34Məni necə boş sözlərlə ovuda bilərsiniz? Cavablarınız axıradək yalandır».