1Dağ keçilərinin nə vaxt doğduğunu bilirsənmi? Maralların balalamasının vaxtını sən gözləyirsənmi?
2Onlar boğaz olanda ayını-gününü sən sayırsanmı? Nə vaxt doğacaqlarını bilirsənmi?
3Diz çöküb balalarını doğar, Ağrılardan qurtarar.
4Balaları çöldə böyüyüb güc alar, Gedər, geri qayıtmaz.
5Kim vəhşi eşşəyi azad buraxdı? Kim onun iplərini açdı?
6Ona çölləri məskən verdim, Şoran düzləri ona yurd etdim.
7O, şəhərdəki izdihama gülər, Sahibinin hay-küyünü eşitməz.
8Təpələri dolaşıb otlar, Yaşıllığı axtarar.
9Çöl öküzü sənə xidmət etmək istəyərmi? Gecəni sənin axurunda keçirərmi?
10Kotan sürsün deyə onu boyunduruğa sala bilərsənmi? Ardınca dərələrdə şırım aça bilərmi?
11Onun hədsiz gücünə bel bağlaya bilərsənmi? Ona ağır iş gördürə bilərsənmi?
12Çöl öküzünə etibar edə bilərsən ki, Əkininin məhsulunu daşısın, Onu xırmanına yığsın?
13Dəvəquşu qanadını sevinclə çırpar, Amma onun qanadı nə leyləyin qanadları ilə, Nə də ki pərləri ilə müqayisə olunur.
14Yerdə yumurtalayır, Onları toz-torpaq üstündə qızdırır.
15Yadından çıxarır ki, yumurtalar ayaq altında sınır, Çöl heyvanlarının ayağı altında qalır.
16Balaları ilə elə sərt rəftar edir ki, Elə bil özününkü deyil, Çəkdiyi zəhmətin boşa getməsindən narahat olmaz.
17Çünki Allah ona müdriklik verməyib, Ona dərrakə bəxş etməyib.
18Qaçmaq üçün yenə qanad açanda Ata və atlıya gülər.
19Ata güc verən sənsənmi? Boynuna yalı qoyan sənsənmi?
20Onu çəyirtkə kimi tullandıran sənsənmi? Onun təmtəraqlı kişnəməsi xof salır.
21Dərələrə ayağını bərk vurur, Öz qüvvəsi ilə sevinib-coşur, Silahlıların qabağına çıxır.
22Qorxuya gülər, heç bir şeydən çəkinməz, Qılınc qarşısında ayağını geri çəkməz.
23Onun üstündə oxdan cingildəyir, Parlaq nizə və mizraq şimşək tək keçir.
24Coşanda qəzəblənib yeri-yurdu qapır, Şeypur çalınan kimi yerindən dik atılır.
25Şeypur çalınanda “hiaaa!” deyib kişnəyir, Döyüş qoxusunu, sərkərdələrin gurlayan səsini, Döyüşün nərəsini uzaqdan hiss edir.
26Məgər qırğı sənin dərrakənləmi uçur, Cənuba tərəf qanad açır?
27Məgər qartal sənin əmrinləmi göyə qalxır, Uca yerlərdə özünə yuva qurur?
28Sıldırım qayalarda yaşayır, Şiş uclu qayalarda məskən salır.
29Oradan şikarını axtarır, Gözləri onları uzaqdan görür.
30Onun balaları qanla qidalanır, Harada leş olsa, o da oradadır».