Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 8

Help us?
Click on verse(s) to share them!
1Şuahlı Bildad belə cavab verdi:
2«Bunları nə vaxta qədər deyəcəksən? Sözlərin sərt küləyə bənzər.
3Allah ədaləti azdırarmı? Külli-İxtiyar salehi əyri edərmi?
4Bəlkə oğulların Ona qarşı günah edib, O da üsyankarlıqlarının cəzasını verib.
5Əgər cəhd göstərib Allahı axtarsaydın, Külli-İxtiyara yalvarsaydın,
6Əgər təmiz, doğru olsaydın, O sənin üçün, həqiqətən, qalxardı, Sənə layiqincə bir məskən verərdi.
7Başlanğıcın kiçik olsa da, Sonun böyük olacaq.
8Gəl indi əvvəlki nəsillərdən soruş, Ata-babaların sınağından keçənlərə yaxşı nəzər sal.
9Dünənki övladlarıq, heç nə bilmirik. Bu dünyada ömrümüz sadəcə bir kölgədir.
10Onlar izah edib sənə öyrətməzlərmi? Köksündəki sözləri dilə gətirməzlərmi?
11Bataqlıq olmayan yerdə qarğı bitərmi? Su olmayan yerdə qamış çıxarmı?
12Hələ yaşıl ikən qırılmadan, Hər otdan əvvəl onlar quruyar.
13Allahı unudan hər kəs axırda belə qalar, Allahsız insanın ümidi beləcə yox olar.
14Onun etibar etdiyi şeylər qırılar, Bel bağladığı sanki hörümçək toru olar.
15Evinə söykənərkən evi uçar, Evindən tutarkən dağılar.
16Sanki bu allahsızlar günəşə baxar, yaşıllaşar, Pöhrələri bağçanın hər tərəfinə yayılar.
17Rişələri daş qalağına dolaşar, Çınqılların arasında yer axtarar.
18Amma yerindən qoparılarkən Yer inkar edərək deyər: “Səni görməmişəm”.

19Bax belə sevincinə son qoyular, Onun yerində başqa bitkilər bitər.
20Allah kamil insanı Özündən kənar etməz, Pislik edənlərinsə əlindən tutmaz.
21O sənin ağzını yenə gülüşlə, Dodaqlarını sevinc nidaları ilə doldurar.
22Düşmənlərini rüsvayçılıq bürüyəcək, Pislərin çadırı məhv ediləcək».