Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 24

Help us?
Click on verse(s) to share them!
1Niyə Külli-İxtiyar hökm üçün zaman təyin etmir? Niyə Onu tanıyanlar hökm günlərini görmür?
2İnsanlar sərhəd daşlarını qaldırır, Sürüləri oğurlayıb otarır.
3Yetimlərin eşşəyini əlindən alır, Dul qadının öküzünü girov götürür.
4Yoxsulları yoldan çıxarır, Ölkədəki fəqirlərin hamısı gizlənməyə məcbur olur.
5Baxın kasıblar vəhşi eşşəklər kimi Yemək tapmaq üçün ertədən işə çıxır, Övladları üçün çöldə çörək axtarır.
6Zəmilərdən yem yığırlar, Pislərin üzüm bağından üzüm qalıqlarını toplayırlar.
7Gecə paltarsız, çılpaq qalırlar, Soyuqda üstlərini örtməyə bir şey tapmırlar.
8Dağlara yağan yağışdan islanırlar, Daldalanacaqları olmadığı üçün qayalara qısılırlar,
9Yetim uşağı döşdən ayırırlar, Fəqirin körpəsini girov alırlar.
10Bu yazıqlar paltarsız, çılpaq dolanır, Qarınları acdır, amma taxıl dərzləri daşıyır.
11Pislərin çəpərləri arasında yağ üçün zeytun sıxırlar, Şərab üçün üzüm sıxırlar, Amma özləri susuzluqdan yanırlar.
12Şəhərlərdən insan nalələri ucalır, Canı yaralı olanlar fəryad qoparır, Amma Allah dualarını nəzərə almır.
13Elə insanlar var ki, işığa üsyan edir, Nurlu yolu tanımır, Onun dalınca getmir.
14Qatil gün batanda qalxır, Fəqiri, yoxsulu öldürür, Gecə oğrusuna bənzəyir.
15Zinakarın gözü alaqaranlıqdadır, “Kimsə məni görməz” deyə düşünür, Üz-gözünü gizlədir.
16Oğrular evləri qaranlıqda yarır, Gündüz gizlənir, işıq nədir, bilmir.
17Çünki onların sabahı qatı qaranlıqdır, Zülmətin dəhşəti onların aşnasıdır.
18Amma onlar su üzərində köpüyə bənzər, Torpaqdan lənət payı alar, Üzüm bağlarına qayıtmazlar.

19Necə ki quraqlıq və istilik qarı əridib udar, Ölülər diyarı da günahkarları elə götürüb aparar.
20Onları ana bətni unudar, Qurdlar üçün ləziz yem olar, Bir də onları heç kim yada salmaz, Haqsızlıq bir ağac kimi sınar.
21Çünki sonsuz qadınlara yamanlıq edərlər, Dul qadınlara yaxşılıq etməzlər.
22Allah isə qüdrəti ilə bu güclüləri dartıb yerə vurar, Onlar qalxsa belə, həyatlarından əmin olmazlar.
23Allah onlara izin verir ki, əmin-amanlıqda yaşasınlar, Amma onlar gedən yollara göz qoyur.
24Qısa müddətə ucalır, sonra da yox olurlar. Yıxılırlar, lap əvvəlkilər kimi götürülüb aparılırlar, Sünbül kimi dərilib yığılırlar.
25Əgər belə deyilsə, Yalançı olduğumu kim sübut edə bilər? Sözlərimin dəyərsiz olduğunu kim deyə bilər?»