1O zaman Rəbb qasırğanın içindən Əyyuba belə cavab verdi:
2«Məsləhəti savadsız sözlərlə qaranlığa salan bu kimdir?
3İndi kişi kimi belinə qurşaq bağla, Sual verəcəyəm, Mənə cavab ver.
4Mən yerin təməlini qoyarkən haradaydın? Anlayışın varsa, söylə.
5İndi ki bilirsən, De görüm, yerin ölçüsünü kim qoydu, Yaxud yer üstündə ölçü xəttini kim çəkdi?
6Nəyin üstündə onun təməlləri quruldu? Kim onun guşədaşını qoydu?
7Onda dan ulduzları birgə nəğmə oxuyurdu, Bütün ilahi varlıqlar sevincdən haray salırdı.
8Dəniz bətndən çıxıb fışqırarkən Onu qapılar arasında kim bağladı?
9Ona buludları libas, Qatı qaranlıqları qundaq etdim.
10Onun sərhədini çəkdim, Qapı və cəftələrini qoydum.
11O vaxt dedim: “Buraya qədər gəlib o tərəfə çıxmayacaqsan, Qürurlu dalğaların burada dursun”.
12Sən ömründə səhərə buyruq verdinmi? Şəfəqə yerini göstərdinmi?
13Belə ki yer üzünün ucqarlarını tutsun, Üstündən pisləri çırpıb atsın.
14Torpağın quruluşu dəyişir, Möhür vurulanda palçıqda əksi qalan kimi, Libasdakı qırışlar kimi gözə görünür.
15Pislərin nuru batırılar, Qaldırdıqları qolları qırılar.
16Dənizin mənbələrinə getmisənmi? Dərinliyin dibində gəzmisənmi?
17Ölüm dərgahı sənə göstərilibmi? Ölüm kölgəsinin qapılarını görmüsənmi?
18Dünyanın həcmini dərk edə bilirsənmi? De görüm, bunların hamısını bilirsənmi?
19İşıq məskəninə gedən yol haradadır? Qaranlığın yeri haradadır?
20Onları yerlərinə apara bilərsənmi? Evlərinin yolunu bilirsənmi?
21Əlbəttə, heç nə anlamırsan, Çünki onlarla eyni vaxtda doğulmusan! Yaşın bu qədərdir.
22Qar anbarlarına girmisənmi? Dolu anbarlarını görmüsənmi?
23Mən onları dar gün üçün, Döyüş və müharibə günləri üçün saxlayıram.
24Hansı yolla işıq yayılar, Yer üzündə şərq küləyi qopar?
25Kim sellər üçün arx, İldırım üçün yol açdı ki,
26Kimsəsiz yerləri, İnsan yaşamayan çölləri sulasın,
27Səhralar – biyabanlar doyunca su içsin, Yaşıl ot bitsin?
28Yağışın atası varmı? Şeh damlalarını kim yaratdı?
29Buz kimin bətnindən çıxdı? Göylərdən düşən şaxtanı kim doğdu?
30Sular nə zaman daş kimi bərkiyir, Dərinliklərin səthi donur?
31Ülkər ulduzlarını bağlaya bilərsənmi? Orionun bağlarını aça bilərsənmi?
32Hər bürcü öz vaxtında çıxara bilərsənmi? Böyük, Kiçik Ayı bürcünə yol göstərə bilərsənmi?
33Göylərin qanunlarını bilirsənmi? Allahın hakimiyyətini yer üzərində qura bilərsənmi?
34Başına bol yağış yağsın deyə Buludları səsləyə bilərsənmi?
35Şimşəkləri göndərə bilərsənmi getsinlər, Sənə də “bax buradayıq” desinlər?
36Kim ürəyə hikmət qoydu, Dərk etmək üçün şüur verdi?
37Kim buludları ağılla saya bilər? Göyün tuluqlarını kim boşalda bilər?
38Onda toz yatıb yer bərkiyər, Kəsəklər bir-birinə yapışar.
39Dişi aslanlar üçün ov ovlaya bilərsənmi, Gənc aslanların qarnını doyura bilərsənmi
40Yuvalarına girəndə, Kolluqda pusqu quranda?
41Kim qarğaya yem verə bilər Balaları Allaha fəryad edəndə, Acından vurnuxanda?