1İnsanın yer üzündəki həyatı ağır xidmət deyilmi? Keçirdiyi günlərin muzdur ömründən fərqi nədir?
2Kölgəyə həsrət qalan kölə kimidir, Muzdunu gözləyən fəhlə kimidir,
3Bəli, irs olaraq mənə boş aylar verildi, Qismətimə sıxıntılı gecələr düşdü.
4Yatanda düşünürəm: “Görəsən nə vaxt qalxacağam?” Gecə isə hey uzanır, Mən gün doğana qədər yerimdə qurcalanıram.
5Bədənimə qurd düşüb, qabıqlanır, Çatlayan dərimdən irin axır.
6Günlərim toxucunun məkikindən də sürətli gedir, Ümidsiz sona çatır.
7Ey Allah, yada sal, həyatım bir nəfəsdir, Gözüm yenidən yaxşılıq görməyəcək.
8Bu anda mənə baxan gözlər məni təzədən görməyəcək, Sənin gözlərin üzərimdə olacaq, amma mən olmayacağam.
9Bulud dağılıb getdiyi kimi Ölülər diyarına enən bir daha çıxmaz.
10Bir daha evinə qayıtmaz, Olduğu yer artıq onu tanımaz.
11Ona görə sakitləşməyəcəyəm, Ruhumun sıxıntısını dilə gətirəcəyəm, Canımın ağrısından şikayət edəcəyəm.
12Dənizəmmi, dəniz əjdahasıyammı? Niyə üzərimdə nəzarətçi qoyursan?
13Düşündüm ki, bəlkə yatağım məni rahatlar, Döşəyim şikayətimi azaldar.
14Məni yuxularla qorxudursan, Röyalarla canıma vəlvələ salırsan.
15Canım boğulub-ölməyi yaşamaqdan üstün tutur, Quru cəsəddə qalmaqdansa ölüm mənə xoşdur.
16Həyatımdan bezmişəm, Uzun ömür istəmirəm. Məndən əlini çək, Ömrümün mənası getdi.
17İnsan nədir ki, onu bu qədər böyüdürsən, Qayğısını çəkirsən.
18Ona hər səhər baş çəkirsən, Hər an onu sınayırsan.
19Nə vaxtadək nəzərini üzərimdən çəkməyəcəksən? Mənə udqunmağa imkan verməyəcəksən?
20Ey insan nəzarətçisi, nədir günahım? Mən Sənə nə etmişəm? Məni niyə Özünə hədəf etdin? İndi öz yükümü çəkə bilmirəm.
21Niyə üsyankarlığımı əfv etmirsən, Təqsirimi bağışlamırsan? Bir azdan torpaq altda yatacağam, Axtarsan da, məni tapmayacaqsan».