Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 37

Help us?
Click on verse(s) to share them!
1Bundan qəlbim çırpınıb yerindən oynayır,
2Dinləyin! Gurlayan səsini dinləyin, Ağzından çıxan harayını eşidin!
3Göy altında, hər yanda səs salır, Yer üzünün dörd bucağında şimşəyini çaxdırır.
4Ardınca nərə vurur, Əzəmətli səsi ilə gurlayır, Həniri eşidilir, dayanmadan şimşək çaxır.
5Allahın səsi heyrətamiz şəkildə gurlayır, O bizə məlum olmayan böyük işlər görür.
6Çünki “yerə yağ” deyə qara əmr edir, Leysana “şiddətlə tökül” deyir.
7Yaratdığı bütün insanlar Onun işlərini bilsinlər deyə Hər kəsin əlini işdən saxlayır.
8Heyvanlar yuvalarına çəkilir, Öz yerlərində qalır.
9Tufan otağından çıxır, Soyuq şimal yellərindən gəlir.
10Allahın nəfəsi suları dondurur, Ümman sular buz bağlayır.
11Buludlara nəm çəkdirərək yükləyir, Buludlar içindən şimşək səpələyir.
12Buludlar yer üzündə əmrini yerinə yetirmək üçün Onun istəyi istiqamətində dönüb fırlanır.
13Bəzən insanları cəzalandırmaq üçün, Bəzən torpağı suvarmaq üçün, Bəzən də sevgisini göstərmək üçün yağış göndərir.
14Əyyub, bunu dinlə, Bir dayan, Allahın heyrətamiz işlərindən düşün.
15Allahın buludlar üçün necə nizam qurduğunu bilirsənmi? Buludlarındakı şimşəkdən necə od çıxır?
16Buludların tarazlığını, Kamil biliyə malik olanın heyrətamiz işlərini bilirsənmi?
17Səmum küləyi dünyanın nəfəsini kəsərkən Paltarın içərisində istidən huşunu itirirsən.
18Tökmə bürünc ayna kimi möhkəm olan göy qübbəsini Allahla birlikdə sərə bilirsənmi?

19Ona nə deyəcəyimizi bizə öyrət, Çünki cəhalətimiz üzündən sözlərimiz nizamsızdır.
20Onunla danışmaq istərəm, bu Ona xəbər verilərmi? Kimsə udulmasını istərmi?
21Külək qurtaranda, göyü təmizləyəndə Göydə parlayan işığa kimsə baxmaz.
22Şimaldan qızılı parıltı görünür, Allah qüdrətli əzəmətində gəlir.
23Biz Külli-İxtiyarı tapa bilmərik, Qüvvəti möhtəşəmdir. Salehliyi misilsizdir, ədalətlidir, Heç haqsızlıq etmir.
24Buna görə insanlar Ondan qorxar, O özünü hikmətli sayanlara baxmaz».