Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 15

Help us?
Click on verse(s) to share them!
1Temanlı Elifaz belə cavab verdi:
2«Müdrik insan boş sözlərlə cavab verərmi? Köksünü şərq küləyi ilə doldurarmı?
3Faydasız sözlərlə, dəyərsiz nitqlərlə Mübahisə etmək olarmı?
4Amma sən Allah qorxusunu bir kənara qoyursan, Allah hüzurunda düşünməyə mane olursan.
5Çünki sənin ağzın günahdan dərs alıb, Hiyləgərlərin dili ilə danışırsan.
6Səni məhkum edən mən deyiləm, öz dilindir. Dodaqların öz əleyhinə şəhadət edir.
7İlk doğulan insan sənsənmi? Yoxsa dağlardan da əvvəl sən var olmusan?
8Allahın sirrinəmi qulaq asmısan? Təkcə özünümü müdrik sayırsan?
9Sən nəyi bilirsən ki, biz onu bilmirik? Sənin dərk etdiyin nədir ki, biz onu dərk etmirik?
10Bizdə ağsaçlı da, yaşlı da var, Onlar atandan da yaşlı olar.
11Sənə Allahın təsəllisi, Söylədiyi xoş sözlər kifayət deyilmi?
12Niyə qəlbin səni belə çaşdırır, Gözlərindən od çıxır?
13Niyə Allaha qəzəbini göstərirsən, Dilindən belə sözlər çıxır?
14İnsan, həqiqətən, təmiz ola bilərmi? Qadından doğulan insan saleh ola bilərmi?
15Allah müqəddəslərinə belə, etibar etmirsə, Göylər belə, Onun gözündə təmiz deyilsə,
16Haqsızlığı su kimi içən, İyrənc, korlanmış insana O etibar edərmi?
17Dinlə məni, sənə deyim, Gördüyümü bəyan edim –
18Hikmətli adamların dediklərini, Atalarından alıb gizlətmədiyi şeyləri.

19O atalar ki ölkə yalnız onlara verilmişdi, Aralarına yadelli girməmişdi.
20Pis insan həyatı boyu əzab çəkir, Zorakı adama ayrılan illərin sayı bilinir.
21Qulağından dəhşətli səslər əskilmir, Dinc oturanda soyğunçular ona hücum edir.
22İnana bilməz ki, qaranlıqdan qurtara bilər, Onu qılınc gözlər.
23“Haradadır?” deyib çörək üçün avara gəzər, Qara günlərinin yanında olduğunu bilər.
24Ağrı və sıxıntı onu qorxudar, Zəfər çalan padşah kimi onu məğlubiyyətə uğradar.
25Çünki Allaha belə, əl uzadıb, Külli-İxtiyara meydan oxuyub.
26Dikbaşlıq edib, dəyirmi sipərini tutub, Allahın üstünə hücum çəkir.
27Onun üzü tosqunluqdan şişər, Qarnı nə qədər piyləşər,
28O, dağılmış şəhərlərdə, Kimsəsiz, yerlə yeksan olan viranələrdə, Aqibəti dağılmaq olan evlərdə yaşayacaq.
29Varlı olmayacaq, sərvətləri tükənəcək, Malları ölkəni bürüməyəcək.
30Qaranlıqdan qurtulmayacaq, Pöhrələrini alov tutacaq, Allahın ağzının nəfəsi ilə yox olacaq.
31Qoy boş şeyə güvənərək özünü aldatmasın, Çünki əvəzində nəsibi boşluq olacaq.
32İşi vaxtsız bitəcək, Budağı göyərməyəcək.
33Qorası tökülən üzüm ağacı kimi, Çiçəyi tökülən zeytun ağacı kimi olacaq.
34Çünki allahsız icma qısır olar, Rüşvətxorların çadırı od tutub yanar.
35Onlar bəlaya hamilə olub şər doğar, Bətnləri hiylə ilə dolar».