Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 36

Help us?
Click on verse(s) to share them!
1Elihu sözünü belə davam etdirdi:
2«Bir az səbir elə, sənə izah edəcəyəm, Çünki Allah barədə deyiləcək çox sözüm var.
3Geniş məlumat toplayacağam, Yaradanıma haqq verəcəyəm.
4Dediyimin heç biri, şübhəsiz, yalan deyil, Qarşında dayanan kamil bilicidir.
5Allah güclüdür, kimsəyə xor baxmaz, Güclüdür, dərin şüura malikdir.
6Pis adamları yaşatmaz, Fəqirlərin haqqını verər.
7Salehdən gözünü çəkməz, Onu padşahlarla birgə taxtda oturdar, Əbədilik ucaldar.
8Amma əgər insanlar zəncirlənib Təzyiq altında saxlanarsa,
9Onlara əməllərini, günahlarını göstərər, Təkəbbürlü rəftar etdiklərini bildirər.
10Öyüdlərini eşitdirər, Pislikdən dönmələrini əmr edər.
11Əgər Ona qulaq asıb qulluq edərlərsə, Qalan günlərini bolluq içində yaşarlar, Qalan illərini əmin-amanlıqda yaşarlar.
12Qulaq asmazlarsa, qılıncdan keçirilərlər, Cəhalət içində canları çıxar.
13Allahsızlar ürəklərində kin saxlayırlar, Allah onları qandallayanda belə, Onu çağırmırlar.
14Vaxtsız ölüb gedərlər, Şərəfsiz ömür sürərlər.
15Amma Allah əzabkeşləri əzablarından xilas edər, Dara düşəndə onlara səsini eşitdirər.
16Bəli, O səni çətinlikdən Darısqal olmayan geniş yerə, Yağlı yeməklərlə bəzənmiş süfrəyə çıxarar.
17Amma şərin hökmü vücuduna dolar, Haqq-ədalət isə yaxandan tutar.
18Ehtiyatlı ol, qoy pul səni başdan çıxarmasın, Rüşvətin böyüklüyünü görüb azmayasan.

19Səni dardan qurtarmağa, Varının, yoxsa qüdrətinin gücü çatarmı?
20Xalqların öz yerlərindən Yox edildiyi gecənin həsrətini çəkmə.
21Ehtiyatlı ol ki, şərə tərəf dönməyəsən, Çünki zəlil olmaqdan çox bunu seçmisən.
22Budur, Allah əzəməti ilə ucalır, Onun kimi müəllim haradadır?
23Kim Ona nə etməsinin lazım olduğunu söyləyə bilər? Kim Ona “haqsızsan” deyə bilər?
24Onun işlərini yada sal, İnsanların ilahilərlə tərənnüm etdiyi işləri mədh etməlisən.
25Bütün insanlar bunu görür, Hamı bu işləri uzaqdan seyr edir.
26Bəli, Allah çox böyükdür, Onu tanıya bilmirik, İllərinin sayını araşdıran yoxdur.
27Su damcılarını yuxarı qaldırır, Buxarlandırır, yağış yağdırır.
28Bu yağışlar buludlardan tökülür, İnsanların üstünə bol yağışlar səpilir.
29Buludların necə yayılmasını, Göylərin çadırında guruldamasını Kim dərk edə bilər?
30Baxın, ətrafında şimşəkləri çaxdırır, Dənizin dərinliklərini doldurur.
31Allah xalqlara rəhbərlik edir, Onları bol ərzaqla təmin edir.
32Şimşəyi əlləri ilə tutur, Hədəfə vurmasını buyurur.
33Gurultusu qasırğadan xəbər verir, Qasırğanın qopacağını öküzlərə belə, bildirir.