Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 9

Help us?
Click on verse(s) to share them!
1Əyyub belə cavab verdi:
2«Belə olduğunu, həqiqətən, bilirəm. Amma Allah qarşısında insan necə haqlı çıxa bilər?
3Əgər Onunla kimsə mübahisə etmək istəsə, Onun min sualına bir cavab tapa bilməz.
4Hikməti dərin, gücü tükənməyən Odur. Ona qarşı duranlardan kim sağ qalıb?
5Allah dağları yerindən oynadar, Dağlar heç bilməz. Qəzəbi ilə onları alt-üst edər.
6Dünyanı yerindən oynadar, Dirəklərini lərzəyə salar.
7Əmr etsə, günəş doğmaz, Ulduzların işığını örtüb möhürlər.
8Odur təkbaşına göyləri sərən, Dəniz dalğalarının üstündə gəzən.
9Odur Böyük Ayı, Orion, Ülkər bürclərini, Cənub bürclərini yaradan.
10Odur dərk etmədiyimizdən də böyük işlər görən, Saysız xariqələr göstərən.
11Bax yanımdan elə keçər ki, Onu görə bilmərəm, Elə keçib gedər ki, heç hiss etmərəm.
12Nə isə tutub apararsa, kim Ona mane ola bilər? Kim Ona “Nə edirsən?” deyə bilər?
13Allah qəzəbini geri döndərməz, Rahavın köməkçiləri belə, ayağı altda qalar.
14Belə isə Ona necə cavab verə bilərəm? Hüzurunda necə söz tapa bilərəm?
15Günahsız olsam belə, Ona cavab verə bilmərəm, Rəhm etsin deyə Hökmdarıma yalvarmalıyam.
16Onu çağıranda O mənə cavab versə belə, Yenə inanmıram ki, O, səsimi eşidir.
17Çünki tufanla məni əzir, Nahaq yerə yaralarımı çoxaldır,
18Məni nəfəs almağa qoymur, Məni acılarla cana doydurur,

19İş qüvvədədirsə, O qüvvəlidir, İş ədalətdədirsə, kim Onu hakimin qarşısına apara bilər?
20Mən günahsız olsam belə, dilim məni ittiham edər, Kamil olsam belə, məni təqsirkar çıxarar.
21Kamil olsam da, bir şey deyiləm, Öz həyatıma xor baxıram.
22Hamısı birdir, ona görə deyirəm: “O həm kamili, həm də günahkarı yox edir”.
23Əgər qəfil ölüm gəlsə, Günahsızların əzabına gülür.
24Dünya pislərə təslim edilib, Dünya hakimlərinin gözünü bağlayan Odur. O deyilsə, bəs kimdir?
25Günlərim sürətlə qaçır, çapardan sürətlidir, Bir xeyir tapmadan qaçırlar.
26Qamış qayıq kimi keçib gedirlər Ovunun üstünə şığıyan qartal kimidirlər.
27Bu şikayətimi unutmaq istəsəm, Sifətimin ifadəsini dəyişib ürəyimin açılmasını istəsəm,
28Bu əziyyətdən yenə vahimələnərəm, Məni günahsız saymayacağını bilərəm.
29Madam ki yenə günahkar çıxacağam, Boş yerə niyə belə zəhmət çəkim?
30Əgər qar suyu ilə yuyunsam, Əllərimi gilabı ilə yusam,
31Yenə də məni çirkaba batırarsan, Paltarlarım belə, məndən iyrənir.
32O mənim kimi insan olmadığına görə Ona cavab verə bilmirəm, məhkəməyə birgə gedə bilmirəm.
33Kaş aramızda bir hakim olaydı, Əlini ikimizin də üzərinə qoyaydı.
34Allah Öz dəyənəyini üstümdən götürəydi, Dəhşəti ilə məni vahimələndirməyəydi.
35O zaman Ondan qorxmadan danışardım, Amma bu vəziyyətdə heç nə edə bilmirəm.