1Gözlərim üçün əhd etmişəm, Gözüm bir qıza baxarmı?
2İnsan yuxarıdan – Allahdan nə pay alır? İnsana ucalardan – Külli-İxtiyardan nə irs qalır?
3Məgər haqsızların başına fəlakət gəlmir? Məgər fitnəkarların başına bəla gəlmir?
4Məgər O, yollarıma baxmır? Məgər O hər addımımı saymır?
5Əgər yalançı olaraq gəzmişəmsə, Ayağım fırıldaq üçün qaçıbsa,
6Qoy Allah məni haqq tərəzisində çəksin, Kamil olduğumu görsün.
7Yolumda əyri addım atmışamsa, Gözlərimin ardınca qəlbimi sürükləmişəmsə, Əllərimi ləkələmişəmsə,
8Əkdiyimi yadlar yesin, Qoy əkinim kökündən çıxarılsın.
9Əgər qəlbim başqa bir qadına meyl edibsə, Qonşumun qapısını pusmuşamsa,
10Qoy arvadım başqasının taxılını üyütsün, Qoy onunla başqa kişilər yatsın.
11Axı bu bir xəcalət olardı, Məhkəməyə veriləsi bir günah sayılardı.
12Çünki bu Həlak yerinədək yandırıb-yaxan bir alovdur. Bu bütün barımı kökündən çıxarardı.
13Əgər mənimlə çəkişəndə Nökərlərimin və kənizlərimin Haqqını yemişəmsə,
14Allah ayağa qalxanda Mən nə edə bilərəm? Məni yoxlayanda nə cavab verərəm?
15Anamın bətnində məni yaradan Onu yaratmayıbmı? Bətndən bizə quruluş verən O olmayıbmı?
16Əgər yoxsulların istədiklərini bir kənara qoymuşamsa, Dul qadının ümidini qırmışamsa,
17Bir tikəmi özüm yeyib Yetimə verməmişəmsə,
18Gəncliyimdən bəri yetimlərə atalıq etməmişəmsə, Doğulandan bəri dul qadına yol göstərməmişəmsə,
19Paltarı olmadığı üçün canı ağrıyan, Ya örtüyə möhtac qalan yoxsulları görəndə
20Qoyunlarımın yunu ilə onları isitməmişəmsə, Onlar da mənə ürəkdən alqış etməyiblərsə,
21Məhkəmədə sözü keçən olduğum üçün Yetimə əl qaldırmışamsa,
22Qollarım qırılıb çiyinlərimdən düşsün, Qoy qolum lüləsindən sınsın.
23Çünki Allahın bəlasından qorxuram, Əzəməti qarşısında dayana bilmərəm.
24Əgər qızıla ümid bağlamışamsa, Saf qızıla “ümidim sənsən” demişəmsə,
25Əgər bol sərvətimə görə, Əlimin gəlirinin çoxluğuna görə sevinmişəmsə,
26Əgər parlayan günəşə, İşıq saçaraq dövran edən aya baxıb,
27Könlümün meylini gizlicə azdırıb, Sitayiş etmək üçün əlimlə onlara Öpüş yollamışamsa,
28Bu da məni ittiham edən günah sayılardı, Çünki ucalarda olan Allahı danmış olardım.
29Əgər düşmənlərimin bədbəxtliyinə sevinmişəmsə, Başına bəla gəldi deyə fərəhlənmişəmsə,
30Kiminsə canına qarğış yağdıraraq Dilimə günah işlətməyə yol vermişəmsə,
31Evimdəki insanlar “Əyyubun verdiyi ətlə Qarnını doyurmayan varmı?” deyə soruşmayıblarsa,
32– Heç bir yadelli gecəni küçədə keçirməzdi, Qapım həmişə yoldan keçənlərin üzünə açıq idi –
33Əgər təqsirimi gizlətmişəmsə, Adəm kimi üsyankarlığımı ört-basdır etmişəmsə,
34Camaatdan qorxduğum üçün, El qınağından dəhşətə gəldiyim üçün Dinməzcə bayıra çıxmamışamsa…
35Kaş məni bir eşidən olaydı! Bu sözümü təsdiq edirəm, Qoy Külli-İxtiyar mənə bir cavab versin! Əleyhdarım bunu tumara yazıb əlimə versin.
36Şübhəsiz, bu tumarı çiynimdə gəzdirərdim, Başıma tac edərdim.
37Onda atdığım hər addımı Allaha bildirərdim, Mən bir şahzadə kimi Onun yanına gedərdim.
38Torpağım da məndən fəryad edirsə, Kotanın açdığı yarıqlar əlimdən bir ağızdan ağlayırsa,
39Pulunu vermədən məhsulu yemişəmsə, Buranın sakinlərinin ürəyini qırmışamsa,
40Qoy sahəmdə buğda yerinə tikan, Arpa yerinə alaq bitsin». Əyyubun söhbəti sona yetdi.