Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 30

Help us?
Click on verse(s) to share them!
1Amma indi yaşca məndən kiçiklər Mənə lağ edirlər. Vaxtı ilə atalarını heç bir işə layiq görməzdim, Sürümün itlərinin yanına belə, qoymazdım.
2Çünki taqətdən düşmüşdülər, Biləklərinin gücü getmişdi, Heç biri işimə yaramırdı.
3Onlar yoxsulluqdan, aclıqdan zəifləmişdi, Gecələr çöl-biyabanda bitki kökü gəmirirdi.
4Kollardan duzlu bitkilər toplayırdılar, Süpürgə kollarının köklərini yeyirdilər.
5Xalq arasından qovulurdular, Üstlərinə elə çığırırdılar ki, Elə bil ki oğrudurlar.
6Vadi yataqlarında, yerin dəliklərində, Qaya ovuqlarında yaşayırdılar.
7Kollar arasında bağırırdılar, Qara tikan kolu altında daldalanırdılar.
8Axmaqların, adsız-sansız insanların övladlarıdır, Ölkədən qovulmuşdular.
9İndisə dillərində dastan olmuşam, Ağızlarında məsəl olmuşam.
10İkrah edərək məndən gen dayanırlar, Hətta üzümə tüpürməkdən çəkinmirlər.
11Çünki Allah kamanımın ipini boşaltdı, Məni zəlil elədi. Ona görə onlar gözümün qabağındaca Cilovlarını çıxarıb atdılar.
12Bu avara gənclər sağ tərəfimdən çıxır, Ayaqlarımı büdrədir, Mənə qarşı torpaq qalağı düzəldir.
13Yolumu bərbad etdilər, Onlara dəstək verən olmasa da, Məni yox etməyə çalışırlar.
14Sanki geniş dəliklərdən keçib Viranəlikdən üstümə yuvarlanırlar.
15Dəhşətlər üstümə doldu, Şərəfimi yel tək sovurdu, Xoşbəxtliyim bulud kimi keçib getdi.
16İndi canım taqətdən düşdü, Dar günlər məndən bərk yapışdı.
17Gecələr sümüklərim sızıldayır, Canımı gəmirən ağrılar dayanmır.
18Allah paltarı zorla əynimdən çıxarır, Məndən cübbəmin yaxası kimi yapışır.

19Məni lilə batırır, Toza, külə dönmüşəm.
20Sənə yalvarıram, cavab vermirsən, Ayağa qalxmağıma göz qoyursan.
21Mənə qarşı rəhmsizsən, Güclü əllərinlə məni əzirsən.
22Məni qaldırıb yel üstünə mindirirsən, Fırtına içinə salıb məni darmadağın edirsən.
23Bilirəm, məni ölümə, Bütün ömür sürənlər üçün təyin olunan son mənzilə aparacaqsan.
24Yıxılana əl qaldırmaq olmaz, Bəlaya düşənin harayına çatan yoxdur.
25Məgər dara düşənlər üçün ağlamırdımmı? Yoxsulların halına yanmırdımmı?
26Mən yaxşılıq gözlədim, yamanlıq gəldi, Mən işıq umarkən qaranlıq gəldi.
27Ürəyim çırpınır, rahatlığı yoxdur, Ağır günlər qarşımı kəsdi.
28Yoxdur bir işıq ucu, qarala-qarala gəzirəm, Camaat arasında durub fəryad edirəm.
29Çaqqallara qardaş oldum, Bayquşlara yoldaş oldum.
30Qaralan dərim soyulur, Qızdırmadan sümüklərim yanır.
31Liram yas tutub nalə çəkir, Tütəyim zar-zar inləyir.