Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 16

Help us?
Click on verse(s) to share them!
1Əyyub belə cavab verdi:
2«Bu cür sözləri çox eşitmişəm, Hamınız adamincidən təsəlliçilərsiniz.
3Bu boş söhbətləriniz qurtaracaqmı? Sizi nə vadar edir, belə danışırsınız?
4Siz mənim yerimdə olsaydınız, mən də belə deyərdim. Əleyhinizə yaxşı-yaxşı sözlər düzüb başımı yelləyərdim.
5Ağzım ürəkləndirici sözlər deyərdi, Dilimdən təsəlliverici sözlər çıxarardım, Mən sizi ovudardım.
6Danışmağımla dərdim azalmır, Susuram, nə dəyişir?
7Ay Allah, məni taqətdən saldın, Bütün külfətimi darmadağın etdin.
8Sıxılıb əzilməyim buna şahiddir, Taqətsizliyim əleyhimə çıxıb şahidlik edir.
9Allah məni qəzəbi ilə parçalayır, Mənə nifrət edir, dişlərini qıcıdır, Düşmənim gözlərini mənə dikir.
10Mənə qarşı insanlar dodaq büzür, Həqarətlə üzümə şillə vurur, Mənə qarşı əlbir olur.
11Allah məni haqsızlara təslim etdi, Pislərin əlinə verdi.
12Rahat yaşayırdım, Allah məni pərən-pərən saldı, Boynumdan tutub yerə vurdu, məni Özünə hədəf etdi.
13Onun oxçuları ətrafımı aldı, Aman vermədən böyrəklərimi deşdilər, Ödümü yerə tökdülər.
14Bədənimə yara üstündən yara vurulur, Cəngavər tək üzərimə yüyürürlər.
15Əynimə çul tikmişəm, Qürurumu yerə atmışam.
16Ağlamaqdan üzüm qızardı, Kirpiklərimin altı-üstü kölgə saldı.
17Yenə də zalımlıq əlimdən gəlmir, Sənə səmimiyyətlə dua edirəm.
18Ey torpaq, qanımın üstünü örtmə, Qoy heç nə mənim naləmi saxlamasın.

19Lap indidən şahidim göylərdədir, Himayədarım yüksəklərdədir.
20Dostlarım məni ələ salır, Gözlərim Allaha baxıb ağlayır.
21Bəşər oğlu qonşusu üçün yalvardığı kimi Biri də mən insandan ötrü qoy Allaha yalvarsın.
22Çünki bir neçə il keçəndən sonra Gedər-gəlməz yola gedəcəyəm.