Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 29

Help us?
Click on verse(s) to share them!
1Əyyub yenə misal çəkərək dedi:
2«Kaş ki ötən aylar geri dönəydi – Allahın məni qoruduğu,
3Çırağının başım üstə işıq saçdığı, Nuru ilə qaranlıqda gəzdiyim günlər.
4Kaş ki həyatımın çiçəkli günləri geri dönəydi – Mənə yar olan Allahın çadırımı qoruduğu,
5Külli-İxtiyarın hər vaxt mənimlə olduğu, Övladlarımın ətrafımda dolandığı,
6Yollarımın südlə yuyulduğu, Yanımdakı qayadan zeytun yağı axdığı günlər.
7Şəhər darvazasına gedərkən, Kürsümü meydanın başına qoyarkən
8Gənclər məni görüb gizlənərdi, Yaşlılar ayağa qalxıb hörmət göstərərdi.
9Başçılar söhbətini dayandırardı, Əlləri ilə ağızlarını tutardı.
10Əsilzadələrin səsi çıxmazdı, Dilləri damaqlarına yapışardı.
11Qulaq məni eşidəndə alqışlayardı, Göz məni görəndə tərifləyərdi.
12Çünki imdad diləyən fəqiri, Köməksiz yetimi qurtarardım.
13Son anlarını yaşayanlar mənə xeyir-dua verərdi, Dul qadının qəlbinə şən nəğmələr verərdim.
14Libas kimi salehliyi geyinmişdim, Sanki ədalətim mənə cübbə və tac idi.
15Korlara göz idim, Topallara ayaq idim,
16Yoxsulların atası idim, Qəriblərin müşküllərinin qayğısına qalırdım,
17Haqsızın çənəsini qırırdım, Ovunu dişlərindən qoparırdım.
18Düşünürdüm: “Son nəfəsimi yuvamdaca verəcəyəm, Ömrümün günlərini qum qədər çoxaldacağam.

19Köküm sulara tərəf rişələnəcək, Budaqlarıma şeh düşəcək.
20Qazandığım şərəf təzələnəcək, Əlimə yeni ox-kaman gələcək”.
21İnsanlar ehtiramla məni dinlərdi, Səssizcə məsləhətimi gözlərdi.
22Heç kim sözümün üstündən söz deməzdi, Sözlərim üzərlərinə tökülərdi.
23Məni yağış kimi gözləyirdilər, Yaz yağışı tək sözlərimi içirdilər,
24Üzlərinə gülümsəyəndə gözlərinə inanmazdılar, Gülər üzümdən ruhlanardılar.
25Onlara yol göstərərdim, başçı kimi əyləşərdim, Əsgərlərin arasında padşah kimi ömür sürərdim, Yaslılara təsəlli verənə bənzəyərdim.