Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Əyyub

Əyyub 19

Help us?
Click on verse(s) to share them!
1Əyyub belə cavab verdi:
2«Nə vaxtadək məni üzəcəksiniz, Məni sözlə əzəcəksiniz,
3On dəfədir ki, məni təhqir edirsiniz, Utanmadan mənə kəskin sözlər söyləyirsiniz.
4Həqiqətən, azıb yanlış yola düşmüşəmsə, Səhvim öz üstümdə qalır.
5Özünüzü, həqiqətən, məndən üstün tutursunuz, Eybimi üzümə vurursunuz.
6Amma bilin ki, Allah mənə haqsızlıq etdi, Hər tərəfdən məni toruna saldı.
7Budur, “Zorakılıqdır!” deyə bağırıram, Bir cavab verən yoxdur, Kömək üçün nalə çəkirəm, ədalət yoxdur.
8Keçə bilmirəm, yollarıma sədd çəkilib, Yollarımı qaranlığa salıb.
9Şərəfimi əynimdən soyundurub, Başımdan tacı götürüb.
10O məni hər tərəfdən yıxdı, əldən gedirəm, Ümidimi ağac kimi kökündən qopartdı.
11Mənə qarşı qəzəbi od tutub yandı, Məni Özünə düşmən saydı.
12Orduları üstümə gəlir, Mənə qarşı torpaq qalağı düzəldir, Çadırımın ətrafında ordugah qurur.
13Qardaşlarımı məndən uzaqlaşdırdı, Tanışlarım mənə yad oldu.
14Qohumlarım məni tərk eləyib, Yaxın dostlarım məni unudub.
15Evimin sakinləri və kənizlər Məni özgə sayır, Onların gözündə yad olmuşam.
16Qulumu çağırıram, Ağız açıb yalvarsam belə, cavab almıram.
17Nəfəsimdən arvadımın da zəhləsi gedir, Qardaşlarım məndən iyrənir.
18Mənə hətta kiçik uşaqlar xor baxır, Ayağa duranda məni ələ salırlar.

19Bütün səmimi dostlarım belə, məndən ikrah edir, Əzizlərim belə, əleyhimə çıxır.
20Bir dəri, bir sümük qalmışam, Ölüm kandarına çatmışam.
21Aman, ey dostlarım, aman, Allahın əli məni vurdu!
22Niyə məni Allah kimi qovursunuz? Niyə mənim ətimdən doymursunuz?
23Kaş ki sözlərim yazılaydı, Kitaba köçürüləydi,
24Dəmir qələmlə, qurğuşunla Əbədi qalmaq üçün bir qayaya həkk olaydı.
25Amma mən bilirəm ki, Satınalanım yaşayır, Axırda O, yer üzərində dayanacaq.
26Dərim yox olandan sonra Bədən alıb Allahı görəcəyəm.
27Mən Ona baxacağam, Başqası yox, mən öz gözlərimlə görəcəyəm. Budur, ürəyim həsrətdən üzülür!
28Mənim üçün “Bəs onu necə qovaq? Bədbəxtliyin kökü ondadır” desəniz,
29Qılıncdan qorxmalısınız, Çünki qılınc cəzası qəzəblə gəlir. Onda ədalətin var olduğunu görəcəksiniz».