Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 18

Luka 18:14-42

Help us?
Click on verse(s) to share them!
14Sizə deyirəm ki, o farisey yox, vergiyığan evinə saleh sayılaraq getdi. Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək».
15Adamlar körpələri də İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Bunu görən şagirdlərsə onlara qadağan etdilər.
16Amma İsa uşaqları yanına çağırıb dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur.
17Sizə doğrusunu deyirəm: kim Allahın Padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz».
18Rəhbərlərdən biri İsadan soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?»
19İsa ona dedi: «Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur.
20Onun əmrlərini bilirsən: “Zina etmə. Qətl etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Ata-anana hörmət et”».
21Bu adamsa dedi: «Bunların hamısına gəncliyimdən bəri riayət edirəm».
22İsa bunu eşidib ona dedi: «Sənin bir şeyin çatışmır: nəyin varsa, satıb yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl».
23Amma bu sözləri eşitdikdə həmin adamı dərin kədər bürüdü, çünki çox varlı idi.
24İsa onun dərindən kədərləndiyini görəndə dedi: «Var-dövləti olanların Allahın Padşahlığına daxil olması nə qədər çətindir!
25Doğrudan da, dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır».
26Bunları eşidənlər dedilər: «Elə isə, kim xilas ola bilər?»
27O isə dedi: «İnsan üçün qeyri-mümkün olan, Allah üçün mümkündür».
28Peter isə dedi: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik».
29İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: Allahın Padşahlığı uğrunda ya evini ya arvadını ya bacı-qardaşlarını ya ata-anasını və yaxud uşaqlarını atan elə bir kəs yoxdur ki,
30bu dövrdə bundan neçə qat artıq, gələcək dövrdə isə əbədi həyat almasın».
31İsa On İki şagirdi kənara çəkib onlara dedi: «Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu üçün peyğəmbərlər vasitəsilə yazılanların hamısı tam yerinə yetəcək.
32Çünki O, başqa millətlərə təslim ediləcək. Onlar Onu ələ salıb təhqir edəcək, Ona tüpürəcək
33və qamçılayıb öldürəcəklər. O, üçüncü gün diriləcək».
34Amma şagirdlər bu sözlərdən heç bir şey başa düşmədilər. Bu sözlər onlar üçün gizli saxlandı və onlar deyilənləri anlamırdılar.
35İsa Yerixoya yaxınlaşanda bir kor adam yol kənarında oturub dilənirdi.
36Yanından çoxlu adamın keçdiyini eşitdikdə soruşdu: «Nə olub?»
37Ona xəbər verdilər: «Nazaretli İsa buradan keçir».
38Onda o qışqırdı: «Ey Davud Oğlu İsa! Mənə rəhm elə!»
39Qabaqda gedənlər ona qadağan edib susdurmaq istəsələr də, o «Ey Davud Oğlu! Mənə rəhm elə!» deyə daha ucadan bağırdı.
40İsa dayanıb əmr etdi ki, onu yanına gətirsinlər. Adam yaxınlaşarkən İsa ondan soruşdu:
41«Nə istəyirsən, sənin üçün edim?» O dedi: «Ya Rəbb, gözlərim açılsın».
42İsa ona dedi: «Qoy gözlərin açılsın, imanın səni xilas etdi».

Read Luka 18Luka 18
Compare Luka 18:14-42Luka 18:14-42