1İsa şagirdlərinə belə dedi: «İnsanları pis yola çəkən şeylər mütləq olur. Amma vay o adamın halına ki, bunların baisidir!
2Bu kiçiklərdən birini pis yola çəkməkdənsə öz boynuna böyük bir dəyirman daşı asıb dənizə atılmaq onun üçün daha yaxşı olar.
3Özünüzə fikir verin. Əgər qardaşın sənə qarşı günah edərsə, ona xəbərdarlıq et. Əgər o tövbə edərsə, onu bağışla.
4Əgər gündə yeddi dəfə sənə qarşı günah etsə və gündə yeddi dəfə yanına gəlib sənə “tövbə edirəm” deyərsə, onu bağışla».
5Həvarilər Rəbbə dedilər: «İmanımızı artır!»
6Rəbb onlara belə dedi: «Bir xardal toxumu qədər imanınız olsaydı, bu tut ağacına “Kökündən çıx və dənizdə əkil!” deyərdiniz, o da sizin sözünüzə baxardı.
7Sizlərdən hansı biriniz cütçülük və yaxud çobanlıq edən bir qula tarladan qayıdanda “tez ol, gəl süfrəyə otur” deyər?
8Əksinə, ona “axşam yeməyimi hazırla və qurşanıb mənə xidmət et ki, mən yeyib-içim, sonra da sən özün ye-iç” deməzmi?
9Əmrlərini yerinə yetirdiyi üçün o, qula təşəkkür edərmi?
10Beləcə siz də sizə əmr olunanların hamısını yerinə yetirəndən sonra deyin: “Biz dəyərsiz qullarıq, çünki görməli olduğumuz işləri etmişik”».
11İsa Yerusəlimə doğru yolunu davam edərkən Samariya ilə Qalileya arasındakı sərhəddən keçirdi.
12Kəndlərin birinə girəndə Onu on nəfər cüzamlı kişi qarşıladı. Onlar uzaqda durub
13ucadan çığırdılar: «İsa, Ustad, bizə rəhm et!»
14İsa onları görüb «gedin, özünüzü kahinlərə göstərin» dedi. Onlar yol gedə-gedə pak oldular.
15Onlardan biri isə sağaldığını görəndə uca səslə Allahı izzətləndirərək qayıtdı.
16O üzüstə İsanın ayaqlarına düşərək Ona təşəkkür etdi. Bu adam Samariyalı idi.
17Onda İsa dedi: «Pak olanlar on nəfər deyildimi? Bəs qalan doqquz adam haradadır?
18Bu yadellidən savayı geri dönüb Allaha izzət verən olmadımı?»
19Sonra o adama dedi: «Ayağa qalx, get. İmanın səni xilas etdi».
20Fariseylər İsadan «Allahın Padşahlığı nə zaman gələcək?» deyə soruşanda İsa onlara cavab verdi: «Allahın Padşahlığı müşahidə ilə gəlməz.
21Adamlar “bax, o buradadır” yaxud “oradadır” deməyəcəklər, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdədir».
22İsa şagirdlərə də belə dedi: «Elə günlər gələcək ki, Bəşər Oğlunun günlərindən birini görməyi arzulayacaqsınız, amma görməyəcəksiniz.
23Adamlar sizə “bax, O oradadır” yaxud “bax, buradadır” deyəcək. Gedib onların arxasınca düşməyin!
24Çünki şimşək göyün bir kənarında çaxıb o biri kənarına qədər necə parlayırsa, Bəşər Oğlu da Öz günündə elə olacaq.
25Amma əvvəlcə O, çox əzab çəkməli və indiki nəslin adamları tərəfindən rədd olunmalıdır.
26Nuhun günlərində necə idisə, Bəşər Oğlunun günlərində də elə olacaq.
27Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi. Sonra daşqın gəlib hamısını məhv etdi.
28Lutun günlərində də belə idi: insanlar yeyib-içir, alıb-satır, əkir, tikirdi.
29Lakin Lut Sodomdan çıxdığı gün göydən od və kükürd yağdı və hamısını məhv etdi.
30Bəşər Oğlunun zühur edəcəyi gündə də belə olacaq.
31O gündə özü damda, əşyası isə evin içində olan adam onları götürmək üçün aşağı enməsin. Eləcə də tarlada olan geri qayıtmasın.
32Lutun arvadını yadınıza salın!
33Kim canını qorumaq istəsə, onu itirəcək, amma kim canını itirsə, onu yaşadacaq.
34Sizə deyirəm: o gecə bir yataqda olan iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq.
35Birlikdə dən üyüdən iki qadından biri götürüləcək, o biri isə qalacaq».
37 Ona müraciət edib dedilər: «Ya Rəbb, bu hadisələr harada olacaq?» O isə onlara dedi: «Leş haradadırsa, kərkəslər də orada toplaşar».