Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka

Luka 2

Help us?
Click on verse(s) to share them!
1O günlərdə qeysər Avqust bütün Roma ölkəsi üçün siyahıyaalma keçirmək barəsində fərman verdi.
2Bu ilk siyahıyaalma Kirini Suriyanın valisi olanda keçirilmişdi.
3Hamı siyahıya alınmaq üçün öz şəhərinə yollandı.
4Yusif də Davudun əsil-nəslindən olduğuna görə Qalileyanın Nazaret şəhərindən çıxıb Yəhudeyaya, Davudun şəhəri olan Bet-Lexemə yollandı.
5O oraya hamilə olan nişanlısı Məryəmlə birlikdə siyahıya alınmaq üçün getdi.
6Onlar orada olarkən Məryəmin doğuş vaxtı çatdı.
7O, ilk Oğlunu doğdu. Körpəni bələyib axura qoydu, çünki qonaq evində onlara yer tapılmadı.
8O ərazidə sürülərinin yanında gecə növbəsini çəkən çobanlar var idi. Onlar çöldə gecələyirdi.
9Birdən Rəbbin bir mələyi onların qarşısında zühur etdi və Rəbbin ehtişamı onların üzərinə nur saçdı. Çobanları böyük qorxu bürüdü.
10Mələk onlara dedi: «Qorxmayın! Mən sizə bütün xalqı çox sevindirəcək bir Müjdə gətirmişəm.
11Bu gün Davudun şəhərində sizin üçün Xilaskar doğuldu. Bu, Rəbb Məsihdir.
12Sizə əlamət bu olacaq: axurda yatan bələnmiş Körpə tapacaqsınız».
13Qəflətən mələyin yanında Allaha həmd edən çoxsaylı səmavi ordu göründü. Onlar belə deyirdi:
14«Ən ucalarda Allaha izzət, Yer üzündə Onun razı olduğu insanlara sülh olsun!»
15Mələklər çobanları tərk edib göyə qalxandan sonra onlar bir-birinə dedi: «Gəlin Bet-Lexemə gedək və Rəbbin bizə bildirdiyi bu baş vermiş hadisəni görək».
16Onlar tələsik getdilər. Məryəmi, Yusifi və axurda yatan Körpəni tapdılar.
17Çobanlar Körpəni görəndə Onun haqqında onlara nəql edilənləri bildirdilər.
18Bunu eşidənlərin hamısı çobanların sözlərindən heyrətə gəldi.

19Məryəm isə bütün bu şeyləri dərin düşünərək öz ürəyində saxlayırdı.
20Çobanlar bütün gördükləri və eşitdiklərinə görə Allahı izzətləndirib həmd edərək geri qayıtdılar. Çünki hər şey onlara söylənən kimi baş vermişdi.
21Səkkizinci gün Körpənin sünnət olunması vaxtı gələndə Onun adını İsa qoydular. Bu ad ona ana bətninə düşməzdən əvvəl mələk tərəfindən verilmişdi.
22Musanın Qanununa görə paklanma dövrü tamamlanandan sonra Yusiflə Məryəm Körpəni Rəbbə həsr etmək üçün Yerusəlimə gətirdilər,
23necə ki Rəbbin Qanununda yazılıb: «Bətndən ilk doğulan bütün oğlanlar Rəbb üçün müqəddəs sayılsın».
24Həmçinin onlar qurban təqdim etdilər, necə ki Rəbbin Qanununda əmr olunub: «İki qumru quşu yaxud iki göyərçin balası».
25O vaxt Yerusəlimdə Şimeon adlı bir adam var idi. O, saleh və mömin idi. İsrailə təsəlli veriləcəyini gözləyirdi və Müqəddəs Ruh onun üzərində idi.
26Müqəddəs Ruh ona əvvəlcədən açıqlamışdı ki, o, Rəbbin Məsihini görməyincə ölməyəcək.
27Beləliklə, Şimeon Ruhdan ilham alıb məbədə gəldi. Körpənin ata-anası Qanunda qoyulan adətə əməl etmək üçün Körpə İsanı məbədə gətirəndə
28Şimeon Körpəni qucağına götürdü və Allaha alqış edərək belə dedi:
29«Ey Pərvərdigar, indi Sənin sözünə görə Mən – Sənin qulun arxayın ölə bilərəm.
30Çünki bütün xalqların gözləri önündə hazırladığın xilası, Millətlərə aşkar edən nuru, Xalqın İsrail üçün də izzəti Öz gözlərimlə gördüm».
33Körpənin ata-anası Onun barəsində deyilən sözlərə görə heyrətə gəldi.
34Şimeon onlara xeyir-dua verib Körpənin anası Məryəmə belə dedi: «Bu Körpə İsraildə bir çox adamın yıxılmasının ya ucalmasının səbəbkarı və insanların rədd etdiyi bir əlamət olmaq üçün təyin olunub.
35Sənin köksünə isə sanki qılınc saplanacaq. Bütün bunlar bir çoxlarının qəlbindəki fikirlərin aşkara çıxması üçün olacaq».
36Orada Aşer qəbiləsindən olan Penuel qızı Xanna adlı qadın peyğəmbər də var idi. O, çox yaşlı idi. Gənc yaşında ərə getmiş, əri ilə yeddi il yaşayıb dul qalmışdı.
37Bu, səksən dörd yaşında dul qadın idi. O, məbədi tərk etmirdi və oruc tutub dua edərək gecə-gündüz Rəbbə ibadət edirdi.
38Xanna da bu zaman yaxınlaşdı və Allaha şükür edərək Yerusəlimin satın alınmasını gözləyən bütün adamlara Körpə İsa barədə nəql etməyə başladı.

39Yusiflə Məryəm Rəbbin Qanununa əsasən hər şeyi icra edib qurtardıqdan sonra Qalileyaya – öz şəhərləri olan Nazaretə qayıtdı.
40Uşaq böyüyür, qüvvətlənir və hikmətdə yetkinləşirdi. Allahın lütfü də Onun üzərində idi.
41Hər il İsanın ata-anası Pasxa bayramında Yerusəlimə gedərdi.
42İsanın on iki yaşı tamam olanda onlar bayram adətinə görə yenə ora getdilər.
43Bayram qurtarandan sonra onlar evə yollandılar. Amma yeniyetmə İsa Yerusəlimdə qaldı, onun ata-anasının isə bundan xəbəri yox idi.
44Onlar İsanın səyyahlar dəstəsi içində getdiyini düşünürdülər. Amma bir günlük yolu gedəndən sonra Onu dostların və qohumların arasında axtarmağa başladılar.
45Onu tapmadılar və axtara-axtara Yerusəlimə qayıtdılar.
46Üç gündən sonra Onu məbəddə tapdılar. İsa müəllimlər arasında oturmuşdu və onlara qulaq asır, suallar verirdi.
47Onu dinləyən hər kəs Onun zəkasına və verdiyi cavablara mat qalırdı.
48Ata-anası Onu görüb təəccübləndi. İsanın anası Ona dedi: «Oğlum, bu nədir başımıza gətirdin? Atanla mən nigaran qalıb səni axtarırdıq».
49İsa onlara cavab verdi: «Məni nə üçün axtarırdınız? Məgər bilmirdiniz ki, Mən Atamın evində olmalıyam?»
50Amma onlar Onun nə demək istədiyini başa düşmədilər.
51Sonra İsa ata-anası ilə Nazaretə qayıtdı. O, ata-anasına itaətli idi. Onun anası isə bütün bu şeyləri öz ürəyində saxlayırdı.
52İsa böyüyürdü və hikmətdə artırdı. O, Allahın və insanların qarşısında lütf qazanırdı.