Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur

Zəbur 105

Help us?
Click on verse(s) to share them!
1Rəbbə şükür edin, ismini çağırın, Əməllərini xalqlar arasında elan edin!
2Onu ilahilərlə tərənnüm edin, Bütün xariqələrini bəyan edin!
3Onun müqəddəs adı ilə fəxr edin, Ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevinsin!
4Rəbbi, Onun qüvvətini arayın, Daim hüzurunu axtarın.
5Etdiyi xariqələri, Möcüzələri, dilindən çıxan hökmləri xatırlayın,
6Ey Onun qulu İbrahim nəsli, Ey Yaqub övladları, ey Onun seçdikləri!
7Allahımız Rəbb Odur, Hökmü bütün yer üzündədir.
8Əbədi olaraq min nəslə qədər əhdini, Əmr etdiyi sözü,
9İbrahimlə kəsdiyi əhdini, İshaqa and içərək verdiyi vədini unutmaz.
10Bunu qayda kimi Yaqub üçün təsdiq etdi, Bu əbədi əhdi İsrail üçün etdi.
11Dedi: «Övladlarının payına düşən mülk kimi Kənan torpağını sənə verəcəyəm».
12O zaman onlar sayca az idilər, Azsaylı olaraq ölkədə qərib idilər.
13Ölkədən-ölkəyə, Məmləkətdən-məmləkətə köçürdülər.
14Rəbb heç kimi onlara əzab verməyə qoymadı, Onlara görə padşahları tənbeh etdi.
15Dedi: «Məsh etdiklərimə dəyməyin, Peyğəmbərlərimə pislik etməyin».
16Ölkəyə qıtlıq göndərdi, Bütün çörəyin kökünü kəsdi.
17Lakin bunlardan əvvəl birini göndərmişdi, Bu, qul kimi satılan Yusif idi.
18Ayaqlarını zəncirləyib əzdilər, Boğazına dəmir halqa keçirdilər.

19Yusifin sözü düz çıxanadək Rəbbin sözü onu təmizlədi.
20Padşah buyruq verərək onu azad etdi, Xalqların hökmdarı ona azadlıq verdi.
21Onu sarayının ağası etdi, Varidatı üçün cavabdeh etdi.
22Ona başçılar üstündə səlahiyyət verdi ki, Ağsaqqallarına uzaqgörənlik öyrətsin.
23Sonra İsrail Misirə gəldi, Yaqub Ham ölkəsində yerləşdi.
24Rəbb onun xalqına bərəkət verdi, Düşmənlərindən çox onlara qüdrət verdi.
25Rəbb düşmənlərinə fikir göndərdi ki, xalqına nifrət etsinlər, Qullarına qarşı fırıldaq işlətsinlər.
26Qulu Musanı, Həm də seçdiyi Harunu göndərdi.
27Xalqın arasında Rəbbin əlamətlərini, Ham ölkəsində Onun möcüzələrini göstərdilər.
28Rəbb qaranlıq göndərərək ölkəni zülmət etdi, Çünki Onun sözlərinə itaət etmədilər.
29Sularını qana çevirdi, Balıqlarını öldürdü.
30Ölkəyə qurbağalar qaynaşıb gəldilər, Padşahın otaqlarına belə, girdilər.
31Əmr etdi, topa-topa mozalan gəldi, Mığmığalar bütün ərazilərini bürüdü.
32Yağış əvəzinə dolu yağdırdı, Ölkələrini şimşəklərə qərq etdi.
33Tənəklərinə, əncir ağaclarına zərbə vurdu, Sahələrində olan ağacları qırdı.
34Əmr etdi çəyirtkələrə qaynaşsın, Saysız balaları torpaqlarına daraşsın.
35Onlar ölkədə olan bütün otları yedilər, Torpaqlarının bar-bəhərini yedilər.
36O, ölkədə hər yerlinin ilk oğlunu, Hər kişinin belindən gələn ilk oğlunu öldürdü.

37İsrailliləri oradan qızılla, gümüşlə çıxartdı, Qəbilələri arasında yıxılan olmadı.
38Onlar çıxanda Misirlilər sevindi, Canlarında İsraillilərin qorxusu var idi.
39Üzərlərinə örtük kimi bulud sərdi, Gecəni işıqlandırmaq üçün od göndərdi.
40İstədiklərinə görə O, bildirçin gətirdi, Onlara göydən doyunca çörək verdi.
41Qayanı yararaq suyu fışqırtdı, Quraq yerə çay kimi axdı.
42Çünki müqəddəs sözünü yada salmışdı, Qulu İbrahimə verdiyi vədini xatırlamışdı.
43O, xalqını sevinclə, Öz seçdiklərini mədh səsi ilə çıxartdı.
44Millətlərin torpaqlarını onlara verdi, Onları ümmətlərin sərvətlərinə sahib etdi.
45Qoy Rəbbin qaydalarına riayət etsinlər, Qanunlarına əməl etsinlər. Rəbbə həmd edin!