Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur

Zəbur 107

Help us?
Click on verse(s) to share them!
1Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir!
2Qoy belə söyləsin Rəbbin xilas etdikləri, Düşmən əlindən qurtardıqları,
3Şərqdən, qərbdən, şimaldan və cənubdan – Ölkələrdən topladıqları.
4Bəziləri səhrada, çöllükdə sərgərdan dolanırdılar, Yaşamaq üçün heç bir şəhər tapmırdılar.
5Aclıqdan, susuzluqdan Canlarının taqəti getmişdi.
6Onlar dara düşəndə Rəbbə fəryad etdilər, Rəbb onları dərdlərindən qurtardı.
7Yaşamaq üçün onlar bir şəhərə çatanadək Onları düz yolla apardı.
8Rəbbə şükür etsinlər məhəbbətinə görə, Bəşər övladlarına göstərdiyi xariqələrinə görə!
9Çünki O, susuzlara doyunca su verər, Acları bol nemətlərlə bəslər.
10Bəziləri əsir düşüb zülmətdə yaşayırdı, Zəncirlənib qaranlıqda, əziyyətdə qalırdı.
11Çünki Allahın sözlərinə qarşı çıxmışdılar, Haqq-Taalanın məsləhətinə xor baxmışdılar.
12Ona görə ağır işlə onların ürəklərinə əzab verdi, Yıxılanda heç kim onlara kömək etmədi.
13Onlar dara düşəndə Rəbbə fəryad etdilər, Rəbb onları dərdlərindən qurtardı.
14Onların buxovlarını qopardı, Zülmətdən, qaranlıqdan çıxardı.
15Qoy şükür etsinlər Rəbbə məhəbbətinə görə, Bəşər övladlarına göstərdiyi xariqələrinə görə!
16Çünki O, tunc qapıları qırar, Dəmir cəftələri qoparar.
17Bəzilərinin ağlı çaşıb üsyankar oldu, Təqsirləri onları zülmə saldı.
18Hər yeməkdən iyrəndilər, Ölüm qapılarına yaxın gəldilər.

19Dara düşərkən Rəbbə fəryad qopardılar, Rəbb onları dərdlərindən qurtardı.
20Kəlamını göndərib onlara şəfa verdi, Məzara düşməkdən onları xilas etdi.
21Rəbbə şükür etsinlər məhəbbətinə görə, Bəşər övladlarına göstərdiyi xariqələrinə görə!
22Qoy şükür qurbanlarını təqdim etsinlər, Əməllərinə mədh oxuyub bəyan etsinlər!
23Bəziləri gəmilərlə dənizlərdə üzdülər, Dəryalarda böyük işlər gördülər.
24Orada Rəbbin əməllərinə, Dərin sularda etdiyi xariqələrinə şahid oldular.
25Çünki Onun əmri ilə qasırğa qopdu, Dənizin dalğaları qalxdı.
26Gəmiçilər göyə qalxıb dərinə enirdi, Qorxudan canları əldən gedirdi.
27Onlar sərxoş kimi yırğalanıb-səndələyirdi, Ağıllarına heç bir çarə gəlmirdi.
28Onlar dara düşəndə Rəbbə fəryad etdilər, Rəbb onları dərdlərindən qurtardı.
29Qasırğanı yatırdı, sükut gətirdi, Dalğaları sakit etdi.
30Sakitlik yarananda onlar çox sevindilər, Rəbb də onları istədikləri limana çatdırdı.
31Rəbbə məhəbbətinə görə, Bəşər övladlarına göstərdiyi xariqələrinə görə şükür etsinlər!
32Qoy Onu xalqın toplantısında ucaltsınlar, Ona ağsaqqallar məclisində həmd etsinlər!
33O, çayları qurudub səhra edər, Bulaqlar olan yeri quraq çölə döndərər,
34Orada yaşayanların pisliyinə görə Münbit torpağı şoranlığa çevirər.
35Səhranı gölməçəyə döndərər, Quraq torpaqdan bulaqlar çıxardar.
36Oranı verər ki, aclar məskən salsınlar, Yaşamaq üçün özlərinə şəhər qursunlar,

37Tarlanı əksinlər, üzümlüklər salsınlar. Bol məhsul götürsünlər.
38Onun xeyir-duası ilə törəyib artırlar, Heyvanlarının sayı azalmır.
39Sonra əzabdan, darlıqdan, bəlalardan Onlar azalıb alçaldılan an
40Rəbb əsilzadələrin üstünə həqarət yağdırar, Onları sonsuz çöldə sərgərdan dolandırar.
41Amma fəqiri zülm altından qaldırar, Övladlarını sürü kimi çoxaldar.
42Bunu görən əməlisalehlər şad olar, Fitnə söyləyən ağızlarsa yumular.
43Kimin ağlı varsa, qoy buna fikir versin, Qoy Rəbbin məhəbbətini dərk etsin!