Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur

Zəbur 69

Help us?
Click on verse(s) to share them!
1Musiqi rəhbəri üçün. Davudun «Şoşannim» üstə oxunan məzmuru. Ay Allah, məni qurtar, Su çıxıb boğazımacan,
2Dərin bataqlığa batmaqdayam, Ayaq üstə durmağa yer yoxdur. Dərin sulara qərq olmuşam, Sellər məni aparır.
3Fəryad etməkdən taqətim kəsildi, Allahı gözləməkdən Boğazım qurudu, gözümün nuru söndü.
4Boş yerə mənə nifrət edənlər Başımın tükündən çoxdur. Haqsız yerə mənə düşmən kəsilənlər, Məni məhv etmək istəyənlər qüvvətlidir. Oğurlamadığım şeyləri necə qaytara bilərəm?
5Ey Allah, ağılsızlıq etdiyimi bilirsən, Günahlarım Səndən gizli deyil.
6Ey Ordular Rəbbi Xudavənd, Səni gözləyənlər Mənə görə qoy utanmasınlar. Ey İsrailin Allahı, Səni axtaranlar Mənə görə qoy xəcalət içində qalmasınlar.
7Sənin uğrunda üzərimə rüsvayçılıq töküldü, Üzümü xəcalət bürüdü.
8Qardaşlarıma yad oldum, Anamın oğullarına özgə sayıldım.
9Evinin qeyrəti məni yandırıb-yaxdı, Səni təhqir edənlərin rüsvayçılıq təhqirləri altında qaldım.
10Oruc tutub ağlamağımı belə, Mənə rüsvayçılıq saydılar.
11Mən çula bürünəndə Onlara söz oldum.
12Darvazadakı adamlar məndən qeybət edirlər, Sərxoşların dilinin nəğməsinə çevrildim.
13Mənsə, ya Rəbb, Sənə dua edirəm. Ey Allah, münasib gördüyün zaman Bol məhəbbətinə görə mənə cavab ver, Çünki qurtuluşuna etibar etmişəm.
14Məni qurtar, bataqlığa batmayım, Qoy düşmənlərimdən, Dərin sulardan xilas olum.
15Qoy sellər məni aparmasın, Dərinlik məni udmasın, Quyu üstümdə ağzını yummasın.
16Ya Rəbb, mənə cavab ver, Çünki məhəbbətin yaxşıdır.
17Üzünü bu bəndəndən gizlətmə, Tez cavab ver, çünki əzab çəkirəm.
18Yetiş, canımı azad et, Məni düşmənlərimdən xilas et.
19Başıma gələn rüsvayçılığı, Biabırçılığı, xəcaləti bilirsən, Bütün yağılarım qarşındadır.
20Rüsvayçılıq qəlbimi qırdı, Gör necə biçarəyəm. Çox axtardım, halıma yanan tapılmadı, Hey axtardım, təsəlli verən olmadı.
21Mənə yemək əvəzinə öd verdilər, Susayanda sirkə içirtdilər.
22Süfrələri onlar üçün tələ olsun, Müttəfiqləri üçün tor olsun.
23Gözlərinə qara gəlsin, görməsinlər, Belləri onları lərzəyə salsın.
24Qoy qəzəbin onların üzərinə yağsın, Qoy hiddətinin qızğınlığı onları tutsun.
25Düşərgələri viran olsun, Çadırları boş qalsın.
26Çünki Sənin vurduğun insanı təqib edirlər, Yaraladıqlarının dərdini ona qaxınc edirlər.
27Bu təqsirkarları daha da təqsirkar çıxar, Səndən bəraət almasınlar.
28Qoy adları həyat kitabından silinsin, Salehlərlə yanaşı yazılmasın.
29Mən məzlumam, dərdliyəm, Ey Allah, Sənin qurtuluşun məni ucaltsın.
30Allahın isminə ilahilərlə həmd oxuyacağam, Onu şükürlərlə ucaldacağam.
31Mal-qara qurbanından çox Bu, Rəbbin xoşuna gələcək, Buynuzlu, dırnaqlı buğadan çox Bu Ona xoş gələcək.
32Bunu görən məzlumlar qoy sevinsin, Ey Allahı axtaranlar, ürəyiniz dirçəlsin.
33Çünki Rəbb fəqirləri eşidir, Öz əsir xalqına xor baxmır.
34Göy, yer, dənizlər, oradakı canlılar Qoy Rəbbə həmd oxusunlar.
35Çünki Allah Sionu qurtaracaq, O, Yəhuda şəhərlərini bərpa edəcək. Onun xalqı oranı mülk edib məskən salacaq,
36Ora qullarının övladlarına irs olaraq qalacaq, Allahın ismini sevənlər orada sakin olacaq!