1Davudun məzmuru. Yəhuda çölündə olanda. Ey Allah, mənim Allahım Sənsən, Sənin üçün yaman qəribsəmişəm. Quraq, cansıxıcı, susuz bir diyarda Sənsiz könlüm susuzdur. Bütün varlığımla həsrətini çəkirəm.
2Müqəddəs yerdə Səni seyr edirdim, Qüdrətini, əzəmətini görürdüm.
3Mənim dilim Səni tərənnüm edir, Məhəbbətin bu həyatdan gözəldir.
4Bütün ömrüm boyu Sənə alqış edəcəyəm, Əllərimi qaldırıb adınla Səni səsləyəcəyəm.
5Sanki yağlı yeməklə canım tox olacaq, Dilim Səni mədh edəcək, ağzım həmd oxuyacaq.
6Yatanda belə, Səni xatırlayıram, Gecə növbələrində Səni düşünürəm.
7Sən mənə kömək oldun, Qanadlarının kölgəsində Sənə mədh oxuyacağam.
8Könlüm Sənə bağlanır, Sağ əlin məni möhkəm tutur.
9Amma canımın qəsdinə duranlar Yerin dibinə batacaqlar,
10Qılıncın ağzına tuş gələcəklər, Çaqqallara yem olacaqlar.
11Amma padşah Allaha görə sevinəcək, Adına and içən hər kəs həmd söyləyəcək, Yalançıların isə ağzı yumulacaq.