Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur

Zəbur 106

Help us?
Click on verse(s) to share them!
1Rəbbə həmd edin! Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir.
2Rəbbin qüdrətli işlərini sözlə demək olarmı? Onu layiqincə həmd edən varmı?
3Nə bəxtiyardır ədalətə bağlananlar, Hər zaman əməlisaleh olanlar!
4Ya Rəbb, xalqına lütf edərkən məni yada sal, Onları nicata çatdırarkən mənim də qayğıma qal.
5Qoy seçdiklərini bəxtiyar görüm, Millətinin sevinci ilə sevinim, İrsinlə birlikdə fəxr edim.
6Ata-babamız kimi biz də günaha batmışıq, Biz də şər iş görməklə təqsirkar olmuşuq.
7Misirdə olanda ata-babamız Sənin xariqələrini anlamadı, Bol məhəbbətini yada salmadı, Dəniz kənarında, Qırmızı dənizdə Sənə qarşı üsyankar oldu.
8Amma Rəbb qüdrətini göstərmək üçün Onları ismi naminə qurtardı.
9Onun məzəmmətindən Qırmızı dəniz qurudu, Çöldən keçdikləri kimi onları dərin yerdən keçirtdi.
10İsrailliləri onlara nifrət edənin əlindən qurtardı, Onları düşməninin əlindən xilas etdi.
11Yağıları sular basdı, Bir nəfər də qalmadı.
12O zaman Rəbbin sözlərinə inandılar, Onu həmdlə tərənnüm etdilər.
13Lakin Rəbbin əməllərini tez unutdular, Ondan məsləhət almadılar.
14Onlar səhrada iştahaya düşdülər, Çöllükdə Allahı sınağa çəkdilər.
15O da istədiklərini verdi, Lakin onlara azar göndərdi.
16Düşərgədə Musaya, Rəbb üçün təqdis olunan Haruna paxıllıq etdilər,
17Torpaq yarılıb Datanı uddu, Aviramla yoldaşlarını yerə batırdı.
18Yoldaşlarının içinə alov saldı, Bu, pisləri yandırıb-yaxdı.

19Xorevdə bir dana heykəli düzəltdilər, Tökmə bir bütə səcdə etdilər.
20Allahın əvəzinə Otyeyən buğanın surətinə şərəf verdilər.
21Onları qurtaran Allahı – Misirdə böyük möcüzələr yaradanı,
22Ham ölkəsində xariqələr göstərəni, Qırmızı dənizdə zəhmli işlər görəni unutdular.
23Rəbb onları yox etmək üçün niyyətini söylədi, Onu məhvedici qəzəbindən döndərmək üçün Seçdiyi Musa Onun qarşısına gəldi.
24Sonra o gözəl diyara da xor baxdılar, Rəbbin vədinə inanmadılar.
25Çadırlarında giley-güzar etdilər, Rəbbin səsini eşitmədilər.
26Buna görə Rəbb and içdi: Meyitlərini çöllərə sərəcək,
27Övladlarını millətlər arasına səpələyəcək, Onları ölkələr arasında darmadağın edəcək.
28Onlar Peordakı Baala səcdə etməyə gəldilər, Ölü bütə verilən qurban ətindən yedilər.
29Bu işlər Rəbbin qəzəbinə gəldi, Aralarına vəba töküldü.
30Onda Pinxas qalxıb buna müdaxilə etdi, Beləliklə, vəba çəkilib getdi.
31Bu, nəsillər boyu, əbədilik Onun üçün salehlik sayıldı.
32Onlar Meriva suları kənarında Rəbbi qəzəbləndirdilər, Buna görə Musanın başına qəza gəldi:
33Onlar Musanın ruhunu incitdilər, O da düşünülməmiş sözlər dedi.
34Rəbbin əmrini yerinə yetirmədilər, Dediyi xalqları məhv etmədilər.
35Əksinə, həmin millətlərə qarışdılar, Adət-ənənələrini öyrənib onlara əməl etdilər.
36Onların bütlərinə ibadət edərək Özlərini bu tələyə saldılar.

37Oğul-qızlarını Cinlərə qurban verdilər.
38Oğul-qızlarının günahsız qanını tökdülər, Onları Kənan bütlərinə qurban verdilər, Ölkəni qana bulaşdırdılar.
39Belə işlərlə murdarlandılar, Öz əməlləri ilə xəyanətə satıldılar.
40Rəbb xalqına qarşı qəzəbindən yandı, Öz irsini iyrənc bir şey sandı.
41Onları millətlərə təslim etdi, Onlara nifrət edənlər üzərlərində hakim oldu.
42Düşmənləri onları zülm altına saldılar, Onlara tabe olaraq əl altında qaldılar.
43Rəbb dəfələrlə onları azad etmişdi, Amma pisniyyətli olduqları üçün üsyankar olmuşdular, Bu insanları öz günahları alçaltdı.
44Lakin O, fəryadlarını eşidəndə Onların əziyyətinə baxdı.
45Bu insanlarla bağladığı əhdini yada saldı, Bol məhəbbəti naminə rəhmini göstərdi.
46Onları əsir edənlərin Qəlbinə mərhəmət saldı.
47Ey Allahımız Rəbb, bizi qurtar, Bizi millətlərin arasından topla. Müqəddəs isminə şükür edək, Biz fəxrlə Sənə həmd söyləyək.
48Alqış olsun İsrailin Allahı Rəbbə Əzəldən sonsuza qədər! Qoy bütün xalq söyləsin «Amin!» Rəbbə həmd edin!