Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur

Zəbur 86

Help us?
Click on verse(s) to share them!
1Davudun duası. Ya Rəbb, mənə qulaq asıb cavab ver, Çünki mən məzlumam, fəqirəm.
2Möminəm, Sən Özün məni qoru, Ey Allahım, Sənə güvənən bəndəni qurtar.
3Rəhm et mənə, ey Xudavənd, Çünki bütün gün Səni səsləyirəm!
4Bu bəndənin qəlbini sevindir, Ey Xudavənd, Sənə ürəyimi təqdim edirəm.
5Çünki Sən, ey Xudavənd, xeyirxahsan, bağışlayan Sənsən, Səni səsləyənlərin hamısı üçün məhəbbətin boldur.
6Ya Rəbb, duamı dinlə, Yalvarışlarımın səsinə qulaq as.
7Dar gündə Səni səsləyirəm, Bilirəm ki, mənə cavab verərsən.
8Ey Xudavənd, allahlar arasında Sənin kimisi yoxdur, Əməllərin kimi əməl yoxdur.
9Ey Xudavənd, yaratdığın millətlərin hamısı hüzuruna gələcək, Sənin ismini izzətləndirərək səcdə edəcək.
10Çünki əzəmətli, xariqələr yaradan Sənsən, Yeganə Allah Sənsən!
11Ya Rəbb, mənə yolunu göstər, Sənin həqiqətinlə addımlayım. Qəlbimi səmimi et, Qoy Sənin ismindən qorxum.
12Ey Xudavənd Allahım, bütün qəlbimlə Sənə şükür edəcəyəm, Daim ismini izzətləndirəcəyəm.
13Çünki mənə olan məhəbbətin böyükdür, Canımı ölülər diyarına enməkdən qurtardın.
14Ey Allah, lovğalar əleyhimə qalxır, Bir dəstə zalım canımı almaq üçün məni axtarır, Səni qarşılarında görmür.
15Ey Xudavənd, Sən rəhmli, lütfkar Allahsan, Hədsiz səbirlisən, məhəbbətin və sədaqətin boldur.
16Sən mənə baxıb rəhm et, Bu bəndənə Öz gücündən ver, Kənizinin oğlunu xilas et.
17Xeyirxahlığından mənə bir əlamət göstər, Qoy mənə nifrət edənlər görüb utansınlar. Çünki, ya Rəbb, mənə kömək edirsən, Könlümə təsəlli verirsən.