Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur

Zəbur 85

Help us?
Click on verse(s) to share them!
1Musiqi rəhbəri üçün. Qorah övladlarının məzmuru. Ya Rəbb, ölkədən razı qaldın, Yaqub nəslini bəxtəvər günlərə qaytardın.
2Xalqının təqsirlərini bağışladın, Bütün günahlarını əfv etdin. Sela
3Sən bütün hirsini uddun, Qızğın qəzəbini yatırdın.
4Ey bizi qurtaran Allah, Bizə bəxtəvər günlərimizi qaytar. Bizə qarşı hiddətindən əl çək.
5Əbədilikmi bizə acığın tutacaq? Qəzəbin nəsildən-nəslə qədərmi uzanacaq?
6Xalqın Səndən sevinc alsın deyə Bizi yenə dirçəltməyəcəksənmi?
7Ya Rəbb, bizə məhəbbətini göstər, Bizi xilas et.
8Rəbb Allah nə söyləsə, dinləyirəm. Sözləri xalqına, möminlərinə sülh bəyan edər ki, Onlar öz cəhalətlərinə dönməsinlər.
9Bəli, Rəbb Ondan qorxanları qurtarmaq üçün, Ehtişamını ölkəmizdə saxlamaq üçün yaxınlaşır!
10Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq, Salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək.
11Həqiqət yerdə bitib-göyərəcək, Ədalət göylərdən baxacaq.
12Bəli, Rəbb ən yaxşı şeyləri göndərəcək, Torpağımız bol məhsul verəcək.
13Ədalət Rəbbin önündə addımlayar, Qədəmləri üçün cığır salar.