Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur

Zəbur 103

Help us?
Click on verse(s) to share them!
1Davudun məzmuru. Rəbbə alqış et, ey könlüm, Ey bütün varlığım, Onun müqəddəs adına alqış et!
2Rəbbə alqış et, ey könlüm, Unutma etdiyi yaxşılıqları:
3Odur bütün təqsirlərini əfv edən, Bütün xəstəliklərinə şəfa verən.
4Odur həyatını məzara düşməkdən qurtaran, Məhəbbətin, mərhəmətin tacını başına qoyan.
5Odur ömür boyu səni bərəkəti ilə doyduran, Səni təzələyib gənc, gümrah qartala oxşadan.
6Rəbb bütün miskinlər üçün Haqq və ədalət edir.
7Yollarını Musaya, Əməllərini İsrail övladlarına göstərib.
8Rəbb rəhmli və lütfkardır, Hədsiz səbirli və bol məhəbbətlidir.
9Həmişə töhmətləndirməz, Qəzəbi sonsuza qədər sürməz.
10Bizimlə günahlarımıza görə davranmaz, Təqsirlərimizin əvəzini çıxmaz.
11Çünki göylər yerdən nə qədər ucadırsa, Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür.
12Nə qədər şərq qərbdən uzaqdırsa, Qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb.
13Ata övladlarına rəhm etdiyi kimi Rəbb də Ondan qorxanlara elə rəhm edir.
14Çünki necə yarandığımızı bilir, Torpaqdan düzəlməyimizi unutmur.
15İnsanınsa ömrü bir ota oxşar, Çəmən gülləri kimi çiçək açar,
16Üstündən yel əsərkən yox olur, Yerində izi belə, qalmır.
17Rəbbin isə Ondan qorxanlara olan məhəbbəti, Onların övladlarına olan salehliyi Əzəldən var, bu əbədi qalacaq.
18Onun əhdinə vəfa edənlərə bunları göstərir, Qayda-qanunlarını yerinə yetirənləri unutmur.

19Rəbb taxtını göylərdə qurub, Hər yerdə hökmranlıq edir.
20Rəbbə alqış edin, ey Onun mələkləri, Ey Onun sözünə baxıb icra edən qüdrətli igidlər!
21Rəbbə alqış edin, ey səmanın bütün orduları, İradəsini yerinə yetirən xidmətçiləri!
22Rəbbə alqış edin, ey Onun yaratdıqları, Ey Onun hökm etdiyi yer üzərində olan bütün varlıqlar! Rəbbə alqış et, ey könlüm!