1Rəbbə alqış et, ey könlüm! Ya Rəbb Allahım, Sən nə qədər böyüksən, Ehtişamı, əzəməti geyinmisən!
2Nura libas kimi bürünən, Göyləri çadır tək açan,
3Yuxarı otaqlarını suların üstündə quran, Buludları Özünə araba edən, Yel qanadları üstünə minib gəzən,
4Küləyi Özünə elçi edən, Yanar odu Özünə xidmətçi edən Sənsən!
5Yer üzünün təməlini elə qurdun ki, Əsla sarsılmasın.
6Dərin suları libas kimi yer üzünə geydirdin, Sular dağların üstünə qalxdı.
7Sənin məzəmmətindən sular çəkildi, Şimşəyinin səsindən qorxub qaçdı.
8Dağlardan dərələrə axdı, Sənin təyin etdiyin yerlərə töküldü.
9Onların önünə hədd qoydun ki, ondan aşmasınlar, Heç vaxt daşıb dünyanı basmasınlar.
10Bulaqları vadilərdən fışqırtdın, Dağların arasından axıtdın.
11Bu bulaqlar bütün çöl heyvanlarına su verər, Vəhşi eşşəklər içər, susuzluğu gedər.
12Yanlarında quşlar yuva qurar, Budaqlara qonub oxuyar.
13Sən dağları göydəki sarayından sulayırsan, Əlinin bəhrəsindən yer doyur.
14Heyvanlar üçün ot bitirirsən, İnsana becərmək üçün bitkilər yetirirsən. Qoy insan torpaqdan azuqəsini çıxartsın:
15Ürəkləri xoşhal edən şərabı, Üzləri güldürən zeytun yağını, Taqət verən çörəyi.
16Doyunca su içər Rəbbin ağacları, Livanda əkdiyi sidr ağacları.
17Bu ağaclarda quşlar yuva qurar, Leyləklərin yuvası şam ağacındadır.
18Uca dağlar dağ keçilərinin oylağıdır, Qayalar qayadovşanlarının sığınacağıdır.
19Fəsilləri müəyyən etmək üçün ayı yaratdın, Günəş batacağı zamanı bilir.
20Gecə olsun deyə havanı qaraldırsan, Bütün meşə heyvanları vurnuxmaya düşürlər.
21Ov üçün gənc aslanlar nərə çəkərlər, Öz yemlərini Allahdan istəyərlər.
22Gün doğanda çəkilirlər, Yuvalarında yatırlar.
23İnsanlar iş başına gedir, Qaş qaralana qədər işləyirlər.
24Ya Rəbb, əməllərin çoxdur! Hər birini müdrikliklə etmisən, Yaratdıqların yer üzünü doldurub.
25Böyük, dərin dənizlərin var, Orada da saysız məxluqlar – Həm kiçik, həm də böyük canlılar qaynaşar.
26Oradan gəmilər keçir, Yaratdığın Livyatan sularda oynayır.
27Bunların hamısı gözləyir ki, Sən Vaxtlı-vaxtında onları yemləyəsən.
28Sən yem verərkən onlar yem yığırlar, Açıq əlinin nemətindən doyurlar.
29Amma üzünü gizlədərkən vəlvələyə düşürlər, Sən onların nəfəsini kəsərkən ölüb torpağa qarışırlar,
30Ruhunu göndərərkən onlar yaranır, Yer üzünə yeni həyat verirsən.
31Rəbbin ehtişamı qoy əbədi var olsun! Qoy Rəbb yaratdıqlarına görə şad olsun!
32Rəbb yerə baxanda yer lərzəyə gəlir, Dağa toxunanda dağ tüstülənir.
33Rəbbə ömrüm boyu ilahi söyləyəcəyəm, Nə qədər varam, Allahımı tərənnüm edəcəyəm.
34Düşüncəm Ona xoş görünsün, Mən Rəbbə görə sevinəcəyəm.
35Günahkarlar yer üzündən silinsinlər, Pis adamlar yox olsunlar! Rəbbə alqış et, ey könlüm! Rəbbə həmd edin!