Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur

Zəbur 21

Help us?
Click on verse(s) to share them!
1Musiqi rəhbəri üçün. Davudun məzmuru. Ya Rəbb, padşah qüdrətinlə sevinir, Zəfərinlə fərəhlənir.
2Onu ürəyinin arzusuna çatdırmısan, Dilindən çıxan diləyini ondan əsirgəməmisən. Sela
3Çünki onu yaxşı nemətlərlə qarşılamısan, Saf qızıldan başına tac qoymusan.
4Səndən həyat istəyəndə ona verdin, Onun ömrünü əbədi olaraq uzatmısan.
5Ona zəfər çaldıraraq şərəfini ucaltmısan, Ehtişam və əzəmət bağışlamısan.
6Əbədi olaraq başına nemətlər tökmüsən, Hüzurundakı sevinclə Sən onu fərəhləndirmisən.
7Çünki padşah Rəbbə güvənir, Haqq-Taalanın məhəbbəti ilə sarsılmazdır.
8Əlin bütün düşmənlərini tapacaq, Sağ əlin yağıları tutacaq.
9Ya Rəbb, onlara görünən zaman Sən onları soba tək yandıracaqsan, Onları qəzəbinlə yeyib, alovunla udacaqsan.
10Övladlarını yer üzündən, Gələcək nəsillərini insanlar arasından yox edəcəksən.
11Çünki pis niyyətlə əleyhinə çıxdılar, Hiylə işlətdilər, amma gücləri çatmadı.
12Çünki Sən onları geri qovacaqsan, Yay çəkib oxla üzlərini nişan alacaqsan.
13Ya Rəbb, qoy Sənin uca qüdrətini görək! Əzəmətini ilahilərlə tərənnüm edək!