Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur

Zəbur 90

Help us?
Click on verse(s) to share them!
1Allah adamı Musanın duası. Ey Xudavənd, bütün nəsillərdən bəri Bizə pənah yeri olmusan.
2Dağlara təvəllüd verməmişdən əvvəl, Kainatı, dünyanı doğmazdan əvvəl Əzəldən axıradək Allah Sənsən.
3İnsanları torpağa çevirirsən, Deyirsən: «Qoy bəşər övladları toza dönsün».
4Sənin gözündə min il ötən bir günə, Bir gecə növbəsinə bənzər.
5İnsanları silirsən, çəkilirlər, Elə bil ki yuxudurlar. Sanki sübh çağı yerdə bitən otdurlar,
6Səhər boy atar, çiçək açar, Axşamsa solar, quruyar.
7Qəzəbindən məhv oluruq, Hiddətindən vəlvələyə düşürük.
8Hüzurunda təqsirlərimizi üzə çıxarmısan, Gizli günahlarımıza üzünün işığını salmısan.
9Ömür-günümüz Sənin qəzəbin altında keçir, İllərimiz bir nəfəs tək tükənir.
10Yetmiş il ömür sürərik, Sağlam olsaq, səksənə yetişərik. Ən yaxşı çağımız belə, zəhmətlə, kədərlə keçir, Ömrümüz tez bitir, uçub-gedir.
11Axı qəzəbinin gücünü kim dərk edə bilər? Hirsinin vahiməsini kim duya bilər?
12Bizə öyrət nə qədər ömrümüz var, Qoy qəlbimiz hikmətli olsun.
13Əl çək, ya Rəbb! Nə vaxtadək qəzəbindən dönməyəcəksən? Sən qullarına rəhm et.
14Səhər-səhər bizə doyunca məhəbbət göstər, Qoy ömrümüz boyu sevinib fərəhlənək.
15Bizi zülmə saldığın günlər qədər, Bəlaya düşdüyümüz illər qədər sevindir.
16Əməllərin qullarına, Əzəmətin övladlarına görünsün.
17Ey Xudavənd Allahımız, bizimlə xoş rəftar et, Əllərimizin zəhmətini uğurlu et, Bəli, bizim əllərimizin zəhmətini uğurlu et.