1Musiqi rəhbəri üçün. Davudun «Maxalat» üstə oxunan maskili. Axmaqlar ürəyində «Allah yoxdur!» deyə düşünürlər, İnsanlar pozulmuş, əməlləri iyrənc olmuş, Yaxşı iş görən yoxdur.
2Allah göylərdən bəşər övladına baxır; Görəsən Allahı dərk edən, Onu axtaran varmı?
3Hamı birgə pozulub, namus əldən gedib, Bir nəfər də olsun yaxşı iş görən yoxdur.
4Şər iş görənlərin hər biri məgər heç nə qanmırmı? Xalqımı çörək yerinə yeyirlər, Allahı çağırmırlar.
5Onlar böyük dəhşətə düşəcək, Heç görünməmiş dəhşətə düçar olacaqlar. Allah bizi mühasirəyə salanların Sümüklərini qırıb dağıdacaq. Onlar qarşımızda pərt qalacaq, Çünki Allah tərəfindən rədd olunacaqlar.
6Kaş İsrailin azadlığı Siondan gələydi! Allah Öz xalqına bəxtəvər günlərini qaytaran zaman Yaqub övladları şadlıq edəcək, İsraillilər sevinəcək!