1Ey Allah, etibarsız millətə qarşı olan mübarizəmdən Məni haqlı çıxart, Məni hiyləgər, fitnəkar adamın əlindən qurtar.
2Çünki Sən pənah gətirdiyim Allahsan. Niyə məni atmısan? Düşmənin zülmünə görə niyə yaslı gəzməliyəm?
3Göndər Öz nurunu, həqiqətini, Qoy yolunu mənə göstərsinlər, Müqəddəs dağına, məskənlərinə Qoy məni aparsınlar.
4Onda Allahın qurbangahına, Sevincim, fərəhim olan Allahımın yanına gedərəm. Lira çalıb Sənə şükür edərəm, Ey Allah, mənim Allahım.
5Mənim qəlbim, niyə qırılmısan? Axı niyə bu köksümdə təlaşlanırsan? Ümidini yenə Allaha bağla, Qoy Allahıma – məni qurtarana şükür edim.