1Davudun məzmuru. Bütün qəlbimlə Sənə şükür edirəm, «Allahlar»ın önündə Səni tərənnüm edirəm.
2Müqəddəs məbədinə tərəf səcdə edirəm, Məhəbbətin, sədaqətin naminə isminə şükür edirəm. Çünki ismini, kəlamını hər şeydən üstün tutmusan.
3Səni çağıranda mənə cavab vermisən, Canıma taqət verib məni ürəkləndirmisən.
4Ya Rəbb, bütün dünya padşahları Sənə şükür edəcəklər, Çünki ağzından çıxan kəlamları eşidiblər.
5Rəbbin yollarını tərənnüm edəcəklər, Çünki Rəbbin ehtişamı böyükdür.
6Rəbb ucalarda olsa da, yazıqlara nəzər salar, Amma lovğaları uzaqdan tanıyar.
7Sıxıntı içində gəzsəm də, Mənə həyat verirsən. Düşmənin qəzəbinə qarşı əl qaldırırsan, Məni sağ əlinlə qurtarırsan.
8Rəbb mənə verdiyi vədə əməl edir. Ya Rəbb, məhəbbətin əbədidir. Öz əlinin işini tərk etmə!