Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur

Zəbur 102

Help us?
Click on verse(s) to share them!
1Bir məzlumun duası. Taqətdən düşüb Rəbbin hüzurunda şikayətlənəndə. Ya Rəbb, bu duama qulaq as, Qoy fəryadım Sənə çatsın.
2Nə olar, dar günümdə üzünü məndən gizlətmə, Qulaq as, Səni çağırarkən mənə tez cavab ver.
3Günlərim tüstü kimi çəkilir, Sümüklərim elə bil yanıb közə dönür.
4Ürəyim kəsilib atılan ot kimi saralıb-solur, Çörək yemək belə, yadımdan çıxır.
5Ah-zar çəkməkdən Bir dəri, bir sümük qalmışam.
6İndi çöldəki yapalağa bənzəyirəm, Viranəlik bayquşu kimiyəm.
7Gözümə yuxu getmir, Damda tənha qalan bir quşa bənzəyirəm.
8Bütün gün düşmənlərim məni təhqir edir, Mənə istehza edənlər adımla lənət oxuyur.
9Yeməyim çörək yerinə kül olub, İçməyim göz yaşıma qarışıb.
10Çünki qəzəbindən, hiddətindən Məni götürüb bir tərəfə atmısan.
11Günlərim axşamın kölgəsi kimi keçir, Bir ot kimi quruyuram.
12Lakin Sən, ya Rəbb, əbədi taxtında əyləşmisən, Sənin şöhrətin nəsildən-nəslə deyiləcək.
13Sən qalxıb Siona mərhəmət edəcəksən, Zamanını təyin etdin, indi ona lütf ediləcək.
14Çünki Sənin qulların onun daşlarını əziz tuturlar, Onun toz-torpağına necə də acıyırlar.
15Millətlər Rəbbin ismindən, Dünyanın bütün padşahları Onun əzəmətindən qorxacaqlar.
16Rəbb Sionu yenidən bərpa edəcək, Əzəmətində görünəcək,
17Yoxsulların duasına qulaq asacaq, Yalvarışlarına xor baxmayacaq.
18Sonrakı övladları Rəbbə həmd etsin deyə Qoy gələcək nəsil üçün belə yazılsın:

19«Rəbb müqəddəs yüksəklikdən, Göylərdən yer üzünə nəzər saldı;
20Əsirlərin naləsini eşitmək üçün, Ölümə aparılanları azad etmək üçün».
21Ona görə Rəbbin ismini Sionda elan edəcəklər, Yerusəlimdə Ona həmdlər söyləyəcəklər
22Rəbbə xidmət etmək üçün gələrkən, Xalqlar, ölkələr bir yerə gələrkən.
23Yolda ikən Rəbb gücümü azaltdı, O, ömrümü qısaltdı.
24Dedim: «Ey Allahım, canımı alma, ömrümün yarısıdır, Sənin illərin nəsillərdən-nəsillərə çatır».
25Yerin təməlini əzəldən qurmusan, Göylər Sənin əllərinin işidir!
26Onlar yox olacaq, amma Sən qalacaqsan, Hamısı paltar kimi köhnələcək, Onları geyim kimi dəyişdirəcəksən, Keçib-gedəcəklər.
27Amma Sən dəyişməzsən, İllərin tükənməzdir.
28Qullarının övladları yaşayacaq, Nəvə-nəticələri hüzurunda dayanacaq.