Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur

Zəbur 94

Help us?
Click on verse(s) to share them!
1Ya Rəbb, qisas alan Allah! Ey qisas alan Allah, nurunu saç!
2Ey dünyanın Hakimi, qalx, Təkəbbürlülərin əvəzini ödə!
3Ya Rəbb, nə vaxtadək pislər – Axı nə vaxtadək pislər sevincdən cuşa gələcəklər?
4Dillərindən lovğa sözlər tökülür, Bütün şər iş görənlər öyünürlər.
5Ya Rəbb, xalqını əzirlər, Sənin irsindən olan adamlara zülm edirlər.
6Dul qadını və qəribi öldürürlər, Yetimləri qırırlar.
7Belə deyirlər: «Rəbb heç nə görmür, Yaqubun Allahı heç nə dərk etmir».
8Dərk edin, ey xalqın nadanları! Ey axmaqlar, nə vaxt ağla gələcəksiniz?
9Qulaqları yaradan eşitməzmi? Gözlərə quruluş verən görməzmi?
10Məgər millətlərə təlim verən, İnsanlara bilik öyrədən tənbeh etməzmi?
11Rəbb insanın düşüncələrini görər, Bunların boş olduğunu bilər.
12Ya Rəbb, bəxtiyar o insandır ki, ona təlim vermisən, Öz qanununu öyrətmisən!
13Pislər üçün qəbir qazılanadək Onu dar gündən çıxarıb dinclik verəcəksən.
14Çünki Rəbb xalqını Özündən ayırmaz, İrsini Öz əlindən verməz.
15Yenə ədalətli hökmlər çıxarılacaq, Ürəyidüz olanlar haqqın ardınca gedəcək.
16Kim mənim üçün pislərə qarşı durar? Şər iş görənlərə qarşı kim müdafiəçim olar?
17Əgər Rəbb köməyim olmasaydı, Canım sükut diyarına vaxtsız köçərdi.
18Mən «ayağım büdrəyir» deyən zaman, Ya Rəbb, mənə məhəbbətinlə dayaqsan.

19Mən daxilən çox narahat olarkən Təsəlli verərək məni fərəhləndirirsən.
20Qanun bəhanəsi ilə şər quran Əzazil hökmdarlardan Sənə yoldaş olarmı?
21Əlbir olub salehlərin canına qəsd qururlar, Məhkum edib təqsirsizin qanına bais olurlar.
22Amma Rəbb mənə qala oldu, Allahım mənə sığınacaq bir qaya oldu!
23Pislərin şər işlərini başlarına gətirəcək, Pisliklərinə görə onları yox edəcək, Bəli, Allahımız Rəbb onları yox edəcək!