Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur

Zəbur 17

Help us?
Click on verse(s) to share them!
1Davudun duası. Ya Rəbb, haqq sözümü dinlə, fəryadımı eşit, Yalansız dilimdən çıxan duama qulaq as.
2Gözlərinlə həqiqəti görürsən, Mənə haqq qazandır.
3Gecə ikən qəlbimi yoxlayıb-araşdırdın, Məni sınaqdan keçirtdin, Heç nə tapmadın. Niyyətim budur ki, ağzım öz həddini aşmasın.
4Sənin sözünə görə zalımların tutduğu yoldan, Bu insanların əməlindən özümü qorumuşam.
5Sənin yolundan möhkəm tutmuşam, Sarsılmadan addımlamışam.
6Səni çağırıram, ey Allah, mənə cavab verirsən, Qulağını mənə tərəf çevir, sözlərimi dinlə.
7Məhəbbətinlə Sənə sığınanlara xariqələrini göstər, Sağ əlinlə onları düşmənlərdən qurtar.
8Məni göz bəbəyin kimi qoru, Qanadlarının kölgəsində saxla
9Məni dara salan şər insanlardan, Ətrafımı bürüyən, canıma düşmən olanlardan.
10Onların ürəkləri qapalıdır, harınlayıblar, Ağızlarından lovğa-lovğa sözlər çıxarırlar.
11İndi izimə düşüb məni mühasirəyə aldılar, Güdürlər ki, məni yerə vursunlar.
12Onlar parçalamağa həris bir aslan kimidir, Pusquda duran cavan bir şir kimidir.
13Ya Rəbb, qalx, Onların önündə dayan, Onları yerlə yeksan et. Qılıncınla bu pis insanlardan canımı qurtar.
14Ya Rəbb, məni belə insanlardan, Nəsibi bu həyatda olanlardan Öz əlinlə xilas et! Qarınlarını xəzinənlə doldurursan, Onlar övladlarını doydurur, Nəvə-nəticələrinə də miras qoyur.
15Amma mən salehliklə üzünə baxacağam, Oyananda Səni görməklə doyacağam.