Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur

Zəbur 95

Help us?
Click on verse(s) to share them!
1Gəlin Rəbbi mədh edək, Bizi qurtaran Qayaya sevincdən cuşa gələrək nida edək,
2Şükür edərək hüzuruna gedək, Cuşa gəlib ilahilərlə Ona nida edək!
3Axı Rəbb böyük Allahdır, Bütün allahlar üzərində əzəmətli Padşahdır.
4Yerin dərin qatları Onun əlindədir, Həm də dağların zirvələri Onundur,
5Onunkudur dəniz, Özü yaratmış, Torpağı əlləri qurmuş!
6Gəlin Ona səcdə edək, əyilək, Bizi yaradan Rəbbin hüzurunda diz çökək.
7Çünki O, Allahımızdır, Biz Onun otlağının xalqıyıq, Əlinin altındakı sürüsüyük. Əgər bu gün Onun səsini eşitsəniz,
8«Qoy ürəkləriniz Merivada olduğunuz kimi, Səhradakı Massada keçən gündə olduğu kimi inadkar olmasın.
9Orada atalarınız Məni sınadılar, Əməllərimi görsələr də, Məni yoxladılar.
10Qırx il o nəsildən zəhləm getdi. Dedim: “Onlar azğın ürəkli xalqdır, Yollarımı tanımır”.
11Buna görə qəzəblənib and içmişəm: “Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”».