1Haqq-Taalanın pənahında yaşayan, Külli-İxtiyarın kölgəsində oturan insan
2Rəbb haqqında belə söyləyir: «O mənim sığınacağımdır, qalamdır, Allahımdır, Ona güvənirəm».
3Bil ki, O səni ovçunun tələsindən, Ağır xəstəliyə düşüb ölməkdən qurtarar.
4Səni qanadlarının altına alar, Pərlərinin altında sığınacaqsan. Sədaqəti qalxanın, sipərin olar.
5Nə gecənin kabusundan, Nə də gündüz atılan oxdan,
6Nə zülmətdə dolanan ağır xəstəlikdən, Nə də günorta məhvedici qırğından qorxmazsan.
7Yanında min nəfər, Sağında on min nəfər qırılsa, Sənə xətər dəyməz.
8Gözlərinlə baxacaqsan, Pislərin cəzasını görəcəksən.
9«Ya Rəbb, sığınacağımsan!» dediyin üçün, Haqq-Taalaya sığındığın üçün
10Şərə düçar olmazsan, Bəla çadırından uzaq qaçar.
11Allah sənə görə mələklərinə əmr edər ki, Gedəcəyin hər yerdə səni qorusunlar,
12Səni əlləri üstündə aparsınlar, Ayağın bir daşa dəyməsin.
13Şiri, gürzəni ayaqlayarsan, Gənc aslanı, əfi ilanı tapdalayarsan.
14«Mən Rəbbi sevdiyinə görə onu azad edəcəyəm, İsmimi tanıdığına görə onu yüksəldəcəyəm.
15Məni çağırarkən ona cavab verəcəyəm, Dar günündə ona yar olacağam, Onu xilas edib şərəfə-şana çatdıracağam.
16Onu uzun ömürlə doyduracağam, Ona qurtuluşumu göstərəcəyəm».